Cozef Borrell - Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində dayanmağı planlaşdırmırıq, enerji resursları ehtiyatlarının doldurulması baxımından risk var, lakin istənilən vəziyyətə hazır olmağımız üçün addımların atılması planlaşdırılır
Cozef Borrell - Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində dayanmağı planlaşdırmırıq, enerji resursları ehtiyatlarının doldurulması baxımından risk var, lakin istənilən vəziyyətə hazır olmağımız üçün addımların atılması planlaşdırılır

 

Brüsseldə Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Ministerialı başlayır. Xarici işlər nazirlərinin müzakirə edəcəyi əsas məsələ Rusiyanın Ukraynaya təcavüzü və onun nəticələri, eləcə də Rusiyaya qarşı sanksiyaların effektivliyi və yeni paketin müzakirəsi olacaq.

Ministerialda onlayn formatda Ukraynanın xarici işlər naziri də iştirak edəcək.

“Biz yeni paketi və mövcud sanksiyaların tətbiqinin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəyik. Sanksiyaların effektiv şəkildə işləməsinə əmin olmaq üçün Avropa Komissiyasına yeni təkliflər təqdim etmişəm, onlardan ən mühümü rus qızılının qadağan edilməsidir. Sanksiyaların necə işlədiyi, sanksiyaların bizə Rusiyadan daha çox təsir edib-etməməsi ilə bağlı böyük debatlar keçirilir. Bəzi Avropa liderləri sanksiyaların səhv olduğunu deyirlər. Səhv deyildi, biz bunu etməliydik və bundan sonra da edəcəyik. Bəziləri deyir ki, neftə tətbiq edilən sanksiyalara görə qiymətlər qalxıb, lakin göstəricilərə baxın, aşağı düşür. Bu səbəbdən hamını istənilən arqumentə rəqəmlər əlavə etməyə çağırıram, göstəricilərə nəzər salın, neftin qiyməti müharibə başlamazdan əvvəl olduğu kimidir. Bundan irəli gələrək, neftin qadağan edilməsinin qiyməti artırdığını necə deyə bilərlər , onların gözləri yoxdur? Göstəricilərə nəzər salmırlarmı? Rəqəmlərlə və ya faktlarla tanış olmurlarmı? Harada olduğumuzu, nə etdiyimizi və etdiklərimizin nəticələrinin nə olduğunu anlamaq vacibdir. Rusiya Ukrayna taxılının blokadasını davam etdirir, onu yandırır və müharibəni davam etdirirlər, ayrıseçkilik etmədən mülki infrastrukturu bombardıman edirlər, günahsız insanları qətlə yetirirlər. Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik, hərbi yardımın artırılmasını nəzərdən keçirəcəyik. Biz Ukraynaya dəstək tapmaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək məsələsində dayanmağı planlaşdırmırıq. Təbii ki, enerji resursları ehtiyatlarının doldurulması baxımından risk var və Avropa Komissiyası, Avropa İttifaqı Şurası istənilən vəziyyətə hazır olmaq üçün addımlar atmağı planlaşdırır” – deyə xarici işlər və təhlükəsizlik sahəsində Aİ-nin ali nümayəndəsi Cozef Borrel ministerial başlamazdan əvvəl bildirib.

Sanksiyaların təsiri ilə bağlı Borrell həmçinin qeyd edib: “Rusiya iqtisadiyyatının göstəricilərinə nəzər salın, istehsal göstəricilərinə baxın, müharibə başlayandan sonra Rusiya nə qədər avtomobil, nə qədər mühərrik istehsal edə bildi? Göstəricilərə baxın. Rusiya iqtisadiyyatı yüksək bədəl ödəyir”.