Bu gündən Tbilisidə medikamentlərin 500 larilik vauçer proqramı fəaliyyətə başlayıb
Bu gündən başlanacaq cari ilin ilk proqramlarından biri də medikamentlərin 500 larilik vauçer proqramıdır – deyə paytaxt meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, bu proqramın benefisiarları Tbilisidə qeydiyyatda olan, ailələrinin sosial reytinq balı 200 mini aşmayan pensiya yaşındakı şəxslər olacaq.
“Bu birdəfəlik deyil, illik vauçerdir. Benefisiarlar vauçerdən limit bitənə qədər, həkim reseptindən irəli gələrək, il ərzində istifadə edə bilərlər. Vətəndaşın vauçeri almaq üçün meriyaya və ya rayon administrasiyasına getməsinə ehtiyac qalmayacaq, meyarlara cavab verən kimi avtomatik olaraq proqramın benefisiarına çevriləcək”- deyə Kaxa Kaladze bildirib.
Paytaxt meri hökumətin iclasında vauçer və məlumat kitabçasını təqdim edib və qamqeoba əməkdaşlarına bunları paylamağı tapşırıb.
“Proqramın benefisiarı və ya onun nümayəndəsi vauçerdən istifadə etmək məqsədilə lazım olan dərmanın təyin edilməsi üçün həkimə müraciət edəcək. Həkim, proqramın elektron moduluna zəruri medikamentlərin siyahısının və miqdarının olduğu pasiyentin sağlamlıq şəhadətnaməsini yükləyəcək. Bundan sonra benefisiar və ya onun nümayəndəsinin telefon nömrəsinə xüsusi kod göndəriləcək və şəxsiyyət vəsiqəsi ilə istədiyi aptekə o müraciət edə biləcək. Əgər benefisiarın seçdiyi aptekdə sağlamlıq haqqında arayışda qeyd olunan dərmanların hamısı yoxdursa o, geridə qalan dərmanı başqa aptekdə və ya daha sonra eyni aptekdə ala bilər. Benefisiar və ya onun nümayəndəsi kodu aldıqdan sonra 30 gündən gec olmayaraq aptekdən dərmanları almalıdır” – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, proqramın icrasına başlanılması və həyata keçirilməsi ilə bağlı məlumatların verilməsi məqsədilə Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmətlər üzrə Şəhər Xidməti artıq tibb müəssisələrinin və apteklərin nümayəndələri üçün pensionerlərin maneəsiz xidmət ala bilməsi istiqamətində müvafiq treninqlər keçirib.