Britaniya Ukraynaya reaktiv yaylım atəş sistemi, İsveç isə piyada əleyhinə snayper tüfəngləri, döyüş sursatları və tank əleyhinə silah verəcək
Britaniya “M-270” reaktiv yaylım atəşi sisteminin Ukraynaya verilməsi ilə bağlı ABŞ-la razılığa gəlib. Məlumatı “Reuters” yayır.
Britaniyanın müdafiə naziri Ben Uolles Moskvanın xəbərdarlığına baxmayaraq, Londonun Ukraynaya raket sistemləri göndərəcəyini bildirib. Uollesin sözlərinə görə, bu Ukraynaya özünü Rusiya təhlükəsindən qorumaq üçün lazım olan silahdır.
B.Britaniya hökuməti silahların sayını təsdiqləməyib, lakin Qərb mətbuatının məlumatına görə, ilkin olaraq 3 ədəd raket sisteminin göndərilməsi planlaşdırılır. ABŞ “M-270” reaktiv yaylım atəşi sisteminin istehsalçısıdır. Britaniyalı hərbçilər yaxın həftələrdə ukraynalılara sistemlərdən necə istifadə etməyi öyrədəcəklər.
Həmçinin, İsveçin də Ukraynaya silah tədarük edəcəyi məlum olub. Qərb mətbuatının yazdığına görə, İsveç Ukraynaya “AJ90” tipli piyada əleyhinə snayper tüfəngləri və döyüş sursatları, həmçinin əlavə 5000 ədəd İsveç istehsalı “AT-4” tipli tank əleyhinə silah verəcək.