"Böyük Yeddilik" ölkələri Rusiyaya Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməmək barədə xəbərdarlıq ediblər
“Böyük Yeddilik” ölkələri Rusiyaya Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməmək barədə xəbərdarlıq ediblər.
Bu barədə bu gün dərc olunan birgə bəyanatda deyilir.
Bəyanatda “Böyük Yeddilik” ölkələrinin liderləri bir daha Ukraynaya dəstəklərini ifadə ediblər, Rusiyanın Ukraynanın mülki əhalisinə və mülki infrastrukturuna, o cümlədən məktəblərə və xəstəxanalara qarşı hücumlarını pisləyərək, Rusiya ordusunun hərəkətləri ilə bağlı beynəlxalq istintaq mexanizmlərinin istifadəsini alqışlayıblar.
Bəyanatda, Rusiyanın Ukraynadakı hərəkətləri ilə nüvə obyektlərinə təhlükə yaratdığı və bu səbəbdən əhali və ətraf mühitin xüsusi risk altında qala biləcəyi qeyd olunub.
” Rusiyaya kimyəvi, bioloji və nüvə silahlarından və ya onunla əlaqəli materiallardan istifadə etməməsi barədə xəbərdarlıq edirik. Eyni zamanda, biz Rusiyanın nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq sazişlərə tam şəkildə əməl edən Ukraynaya qarşı zərərli və tamamilə əsassız dezinformasiya kampaniyasını qəti şəkildə pisləyirik .Rusiyanın dezinformasiya kampaniyasını genişləndirən digər ölkələr və aktorlara yönəlik narahatlığımızı ifadə edirik” – deyə bəyanatda deyilir.
Bununla yanaşı, “Böyük Yeddilik” ölkələrinin liderləri “Prezident Putinin və bu təcavüzün memarlarının və tərəfdarlarının, o cümlədən Belarusdakı Lukaşenko rejiminin öz əməllərinə görə cavabdehlik daşıması üçün səylərini əsirgəməyəcəklərini” bildirirlər.
Həmçinin, bəyanata əsasən, ölkələr Rusiyanın enerji resurslarından asılılığı azaltmaq və onları əvəz etmək üçün əlavə addımlar atmağı planlaşdırırlar.
“Böyük Yeddilik” ölkələrinin liderləri birgə bəyanatda beynəlxalq təşkilatlar və çoxtərəfli forumların Rusiya ilə artıq adi şəkildə fəaliyyət göstərməməli olduğunu, bunun üçün tərəfdaşlarla sıx və hər iki tərəfin maraqlarına uyğun olaraq əməkdaşlıq edəcəklərini bildirirlər.