BMT-nin İnsan Haqları Avropa Şurası Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin araşdırılmasına başlamaqla bağlı qətnamə qəbul edib
BMT-nin Avropa İnsan Haqları Şurası Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin araşdırılmasına başlamaqla bağlı qətnamə qəbul edib. Qərarı şura üzvləri böyük səs çoxluğu ilə qəbul ediblər.
BMT-nin İnsan Haqları Şurasının saytında yayılan məlumata görə, qətnaməni 33 ölkə dəstəkləyib, 12 ölkə bitərəf qalıb. Sənədin əleyhinə səs verən iki ölkə -Çin və Eritreya olub.
Çin rəsmisi sənədi siyasiləşdirilmiş adlandıraraq, qətnamənin Ukraynada gərginliyi daha da artırdığını və “oda neft tökmək” olduğunu bildirib.
Məsələ Ukraynada müharibənin ilk günlərində, o cümlədən Kiyev yaxınlığındakı şəhərlərdə və digər bölgələrdə rus hərbçilərinin törətdiyi iddia edilən cinayətlərdən gedir.
Ukrayna xarici işlər nazirinin müavini Emine Caparova videokörpü vasitəsilə Kiyevdən Şura üzvlərinə müraciət edib. O bildirib ki, Ukrayna 10 dəhşətli həftədən keçib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin də dediyi kimi, son həftələr ərzində Kiyevin şimalında yerləşən rayonlarda minlərlə cəsəd tapılıb. Onlardan bəzilərinin ölümlə cəzalandırıldığı güman edilir. Rusiya ittihamları rədd edir.
Rusiyanın BMT-dəki səfiri qətnamənin təsdiqlənməsinə münasibət bildirib. Qennadi Qatilov sənədi tənqid edərək bildirib ki, “Kollektiv Qərb Ukraynadakı vəziyyətin həlli yollarını axtarmaq əvəzinə Rusiyanı şeytanlaşdırmağa çalışır”.
Xatırladaq ki, Rusiya aprel ayında İnsan Haqları Şurasından çıxarılıb.