"Biznes partnyor"-un Kelli Deqnanla eksklüziv müsahibəsi - gürcülərin heyrətamiz bir deyimi var, "Güc birlikdədir", həqiqətən güc birlikdədir
"Biznes partnyor"-un Kelli Deqnanla eksklüziv müsahibəsi - gürcülərin heyrətamiz bir deyimi var, "Güc birlikdədir", həqiqətən güc birlikdədir

 

Deyə bilərəm ki, Gürcüstan və ABŞ ötən il birlikdə çox yaxşı işlər görüblər və biz bununla fəxr edə bilərik-bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Biznes partnyor”-un efirində bildirib.

“Bu, bir-birimizə həqiqətən ehtiyacımız olduğunu bir daha vurğulayan çətinliklərlə dolu bir il oldu. Pandemiya kimi bir problemlə təkbaşına mübarizə aparmaq hər bir ölkə üçün çətin olacaq. Məncə, gürcülərin heyrətamiz bir deyimi var – “Güc birlikdədir”, güc həqiqətən də birlikdədir. Kovid pandemiya vəsiləsilə bir daha hamımızın dostlara nə qədər ehtiyacımız olduğunu dərk etdik. Bir çox istiqamətdə insanların çətin anlarda yan-yana olduğuna şahid olduq.  Deyə bilərəm ki, Gürcüstan və ABŞ ötən il birlikdə çox yaxşı işlər görüblər və biz bununla fəxr edə bilərik” – deyə Kelli Deqnan bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin Gürcüstandakı məqsədi Gürcüstanı uğurlu ölkəyə çevirməkdir.

“Sərf olunan əmək və enerji güclü, sabit demokratiyanın qurulmasına həsr olunmalıdır, bütün proqramlarımız məhz buna xidmət edir. Biz ilk növbədə və ən əsası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyirik. Gürcüstan xalqı Avropaya inteqrasiya və NATO-ya üzvlük seçimini edib. Bu seçim mövcud olduğu müddətdcə ABŞ hökuməti həmişə gürcü xalqının güclü dəstəkçisi olacaq. Biz beynəlxalq arenada Gürcüstan üçün lobbiçilik edirik, eyni zamanda ölkənin yüksək NATO standartlarına nail olmasına, Avropa ilə uyğunlaşma prosesinə kömək edirik.

Bilirsiniz ki, NATO hərbi-siyasi alyansdır, ona görə də Gürcüstanın hərbi standartları istiqamətində işləmək lazımdır ki, bu da Gürcüstanın NATO ilə münasibətlərini daha da gücləndirəcək.

Bilirsiniz ki, təxminən 20 ildir Gürcüstan hərbi qüvvələri ilə hazırlıq və təchizat proqramı çərçivəsində işləyirik.

Gürcüstanın müdafiə sistemində irəliləyiş göz qabağındadır, onlar ABŞ hökuməti və NATO ilə ikitərəfli sazişlər çərçivəsində illər boyu treninq proqramlarının yardımı ilə aktiv şəkildə işləyirlər, təkcə yerli müdafiə qüvvələri üçün deyil, həm də “Layiqli Tərəfdaş” və “Sarsılmaz Ruh” kimi çoxmillətli təlim proqramlarını təşkil edirlər. Bu Gürcüstan Müdafiə Qüvvələrinin artıq çox səmərəli idarə etdiyi irimiqyaslı layihələrdir və bununla da müdafiə sisteminin gücləndirilməsi şərtinin yerinə yetirildiyini bir daha əyani şəkildə nümayiş etdirirlər” – deyə Deqnan bildirib.

Onun sözlərinə görə, sadə həqiqət ondan ibarətdir ki, hər bir xalq öz ölkəsinin müdafiə və təhlükəsizlik modelini seçməkdə suveren hüquqa malikdir.

“Gürcüstan artıq bu seçimi edib ki, bu da NATO-ya üzv olmaq istəyidir. Biz də 20 ildir ölkənin yüksək hərbi-siyasi standarta çatmasına, demokratiyanın möhkəmlənməsinə, qanunun aliliyinin təmin olunmasına, demokratik təsisatların möhkəmlənməsinə kömək edirik. NATO üzvü olan ölkələr də bu prosesdən keçiblər və biz Gürcüstana da bütün bu lazımi standartlara çatmaqda kömək etmək istəyirik.

Gürcüstan və ABŞ ikitərəfli sazişdə bir sıra mərhələlərdən keçiblər, biz birgə “Müdafiə Hazırlığı Proqramı”-nı yenicə başa çatdırmışıq. Mən bu yaxınlarda Müdafiə Qüvvələri və Müdafiə Nazirliyinin çox maraqlı brifinqində iştirak etdim, burada onlar başa çatmış layihələrin qiymətləndirilməsini təqdim etdilər və heyrətamiz irəliləyişlərdən, eləcə də gələcək üçün aktual ehtiyaclardan danışdılar.

Biz indi yeni bir mərhələyə – “Gürcüstanın müdafiə və qarşısını alma təşəbbüsü”-nə qədəm qoyuruq ki, bu da Gürcüstanın Müdafiə Nazirliyi və Müdafiə Qüvvələrinin strukturunu NATO-ya üzv dövlətlərin müdafiə strukturlarına uyğunlaşdırmaq üçün modernləşdirməyə kömək edəcək. Bu, genişmiqyaslı layihədir və mən inanıram ki, Gürcüstan Müdafiə Qüvvələri və Müdafiə Nazirliyi birlikdə çox effektiv nəticə əldə edə biləcək” -deyə Kelli Deqnan bildirib.