Beynəlxalq Xizək Federasiyasının yarış direktoru - Gürcüstan əla iş gördü, biz çox razıyıq
Beynəlxalq Xizək Federasiyasının yarış direktoru - Gürcüstan əla iş gördü, biz çox razıyıq

Qudauridə “Snoubord Kross” üzrə Dünya Kubokunun birinci mərhələsi keçirilib. 17 ölkədən 90-a yaxın idmançının qatılacağı yarış sabah da davam edəcək.

Bu gün snoubord kross növü üzrə turnirin birinci mərhələsinin qalibləri məlum olub. Qadınlar kateqoriyasında Fransa idmançısı Xloe Trensbusçi, kişilər kateqoriyasında isə Kanada idmançısı Elliot Qrindin birinci yeri tutub.

Dağ trekləri agentliyinin direktoru İrakli Burçuladzenin sözlərinə görə, ilk final günü Qudauridə uğurla keçirilib. Onun sözlərinə görə, turnirə beynəlxalq reaksiya kifayət qədər yüksəkdir.

“Bu gün ilk final günü idi. Hər şey mükəmməl getdi. Beynəlxalq Federasiyanın nümayəndələrindən, eləcə də idmançılardan və digər nümayəndələrdən çox yaxşı qiymətləndirmələr aldıq. Buna görə də ümid edirəm ki, sabah da belə davam edəcək və Gürcüstan, xüsusən də Qudauri yenidən dünya xəritəsində işarə olunacaq”, – deyə İrakli Burçuladze bildirib.

Beynəlxalq Xizək Federasiyasının (FIS) yarış direktoru Uve Beyerin sözlərinə görə, Gürcüstan “Snowboard Cross Discipline” turniri üçün əla iş görüb.

“Çox gözəl yarış idi, gördüyünüz kimi, gərgin yarış oldu. Hamı bu fantastik yarışı izlədi, təşkilatçı ölkə olan Gürcüstan əla iş gördü. Ümid edirəm ki, sabah bugünkündən daha günəşli hava olacaq. Burada, Qudauridə baş tutan ilk yarış çox yaxşı idi, biz çox razıyıq. Ümumilikdə komandalardan və müxtəlif ölkələrdən yalnız və yalnız yaxşı rəylər eşidirəm”, – Uve Beyer bildirib.

Bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayıb.