"Azovstal" döyüşçülərinin ailə üzvləri Rəcəb Tayyib Ərdoğana müraciət ediblər- adı tarixə qəhrəman kimi yazılacaq insan olmaq üçün tarixi imkanınız var
"Azovstal" döyüşçülərinin ailə üzvləri Rəcəb Tayyib Ərdoğana müraciət ediblər- adı tarixə qəhrəman kimi yazılacaq insan olmaq üçün tarixi imkanınız var

 

“Azovstal” legionunun döyüşçülərinin ailə üzvləri Rəcəb Tayyib Ərdoğana müraciət ediblər.

Döyüşçülərdən birinin ailə üzvünün sözlərinə görə, “Azovstal”-da vəziyyət apokaliptikdir.

“Həyat yoldaşım indi “Azovstal”-dadır, hamıya müraciət edirəm, xahiş edirəm müdafiəçilərimizi xilas edin. Biz dünya miqyasında bütün hökumətlərə müraciət edirik, bizə kömək edin. Bizim vaxtımız yoxdur. Mən güclü insanlara, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm – xahiş edirik döyüşçülərimizi xilas etmək üçün bizə kömək edin. Yoldaşım mənə hər gün müharibə qeydləri göndərir, orada nə baş verdiyini bilirik. Həyat yoldaşım bunu bir sözlə təsvir edir – apokalipsis. O deyir ki, orada apokaliptik vəziyyət hökm sürür. Mariupol bu gün 21-ci əsrin ən böyük yarası və faciəsidir” – deyə döyüşçülərdən birinin ailə üzvü bildirib.

Bununla yanaşı, döyüşçülərin ailə üzvləri Türkiyə prezidentini silahsız mülki gəmi göndərməyə və orada qalan döyüşçüləri çıxarmağa çağırırlar.

“Sabahınız xeyir demək istəyirəm, lakin çoxdandır bunu artıq demirəm, sadəcə salam. Övladım indi o cəhənnəmdə, “Azovstal”-dadır. Biz burada danışarkən o insanlar orada döyüşürlər. Hamı başa düşür ki, müharibədir, lakin “Azovstal”-da baş verənlər müharibə deyil, qırğındır. Ailə üzvlərimizin çıxarılmasını tələb edirik. Bu proseduru həyata keçirmək üçün kifayət qədər siyasi cəsarətə malik bir qəhrəmana ehtiyacımız var. Bu məsələyə siyasi və coğrafi nöqteyi-nəzərdən baxsaq, belə bir ölkə Türkiyə, belə bir qəhrəman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ola bilər.  Mən ona kişinin kişiyə, atanın ataya müraciət etdiyi kimi müraciət edirəm, xahiş edirəm, övladımı mənə qaytarın. Sizin Yaxın Şərqdə belə bir əməliyyat keçirmək təcrübəniz var, xahiş edirəm ailə üzvlərimizi gətirməsi üçün silahsız mülki gəmi göndərin. Başa düşürük, risklər var, başa düşürük, çıxarılarkən onlar öldürülə bilərlər, lakin bizim seçim lüksümüz yoxdur. Cənab Ərdoğan, adı tarixə qəhrəman kimi yazılacaq insan olmaq üçün sizin bu tarixi imkanınız var” – deyə “Azovstal” döyüşçülərindən birinin ailə üzvü bildirib.