"Azov" döyüşçüləri rusların "Azovstal" zavodu ərazisində yerləşən xəstəxananı bombaladığını bildirirlər
"Azov" döyüşçüləri rusların "Azovstal" zavodu ərazisində yerləşən xəstəxananı bombaladığını bildirirlər

 

“Azov” batalyonunun döyüşçülərinin məlumatına görə, ruslar Mariupoldakı “Azovstal” zavodunun ərazisində yerləşən xəstəxananı bombalayıblar. Həlak olan və yaralananlar var. Sözügedən məlumatı “Azov” döyüşçüləri sosial şəbəkədə yayıblar.

“Ruslar bütün gecə boyu Mariupoldakı “Azovstal” zavodunun ərazisində yerləşən və yaralı müdafiəçilərin yerləşdirildiyi hərbi səhra xəstəxanasını çoxtonluq mərmilərlə kütləvi şəkildə bombaladılar. Sonra dəniz artilleriyası ilə xarabalıqları bombalamağa davam etdilər. Düşmənin hücumu nəticəsində əməliyyat otağı da daxil olmaqla binanın bir hissəsi uçdu , bu isə əsgərlərimizə kömək etməyi mümkünsüz edir” -deyə məlumatda deyilir.

Yayılmış bəyanatda, yaralanan döyüşçülər arasında artıq ölən və xəsarət alanların olduğu da həmçinin vurğulanıb. Bununla yanaşı, “Azov” döyüşçüləri Cenevrə Konvensiyasının stasionar və səyyar tibb müəssisələrinin mühafizəsini nəzərdə tutduğunu və onlara hücum edilməməli olduğunu vurğulayıblar.

“Yaralılar və xəstələr mülki və ya hərbi qulluqçu olmalarından asılı olmayaraq müdafiə olunmalıdır. Yaralılara heç bir ayrı-seçkilik qoyulmadan lazımi yardım göstərilməlidir” -deyə alaydan bildirilib.

Döyüşçülər beynəlxalq insan haqları təşkilatlarını “Rusiyanın artıq silah daşıya bilməyən Mariupol müdafiəçilərini məhv etməyə davam etməsinə” reaksiya verməyə çağırıblar.

Yayılmış məlumatlara görə, Mariupoldakı Azovstal zavodunun ərazisində 1000-ə qədər mülki şəxs və ukraynalı əsgər var, onlar arasında 500-ə qədər hərbçi yaralıdır.