Azərbaycan Xarici İşlər Nazirliyi - Cozef Borrell tərəfindən Azərbaycanın ittiham edilməsi, regionda reallığın qəsdən təhrif edilməsi tamamilə qeyri-adekvat və qəbuledilməzdir
Azərbaycan Xarici İşlər Nazirliyi - Cozef Borrell tərəfindən Azərbaycanın ittiham edilməsi, regionda reallığın qəsdən təhrif edilməsi tamamilə qeyri-adekvat və qəbuledilməzdir

 
Cozef Borrell tərəfindən Azərbaycanın ittiham edilməsi, regionda reallığın qəsdən təhrif edilməsi tamamilə qeyri-adekvat və qəbuledilməzdir – bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdidlərlə dolu bəyanatlar Aİ-nin Xarici Fəaliyyət Xidmətinin qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir.

“Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır” – deyə bəyanatda qeyd olunub.

Məlumat üçün bildirək ki, Aİ-nin ali nümayəndəsi Cozef Borrell deyib: “Biz Ermənistanda sabitliyi pozmaq cəhdlərinə qarşı xüsusilə diqqətli olmalıyıq – daxildən və ya xaricdən. Mənim Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək üçün istənilən cəhd qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”.