Azərbaycan Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagini beynəlxalq axtarışa verib

 
Azərbaycan Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagini beynəlxalq axtarışa verib. Bu barədə Azərbaycan agentliyi ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayır.

Qurumun məlumatına görə, “Baş Prokurorluqda Delyaginin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı araşdırma aparılıb”.

Azərbaycan Prokurorluğunun məlumatına görə, Delyagin 2022-ci il 28 mart tarixində “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı müharibəni başlamağa açıq çağırışlar edib, Azərbaycanın enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirmişdir.

“Duma deputatının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, o cümlədən təcavüzkar müharibəni başlamağa açıq çağırışlar , terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə,  nifrət və düşmənçiliyin salınması və ləyaqət alçaldıcı maddələrinin tərkib əlamətləri olduğundan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. Kifayət qədər sübutlar toplandığından məhkəmənin qərarı ilə Mixail Delyagin barəsində İNTERPOL vasitəsilə beynəlxalq axtarış elan edildi”- deyə Azərbaycan prokurorluğunun bəyanatında deyilir.

Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilmişdir.