Avstriya kansleri Moskvada Vladimir Putinlə olduqca birbaşa, açıq və sərt danışıqlar apardığını bildirir

 

Avstriya kansleri Karl Nehammer Moskvada Vladimir Putinlə olduqca birbaşa, açıq və sərt danışıqlar apardığını bildirir. Avstriya kansleri Ukraynada müharibə başlayandan bəri Rusiya prezidenti ilə görüşən ilk Avropa lideridir.

“Prezident Putinlə söhbətimdən sizinlə bölüşə biləcəyim nikbin təəssürat məndə ümumiyyətlə yoxdur. Aydındır ki, kütləvi miqyasda hücuma hazırlaşırlar, bu səbəbdən də Beynəlxalq Qızıl Xaç Komitəsinin sabit çıxışa ehtiyacı olduğunu açıq şəkildə bildirdim”-deyə Avstriya kansleri Karl Nehammer bildirib.

Karl Nehammerin sözlərinə görə, o həmçinin Rusiya prezidentinə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini də bildirib.

“Müharibənin hər günü həddindən artıq çoxdur. Bu müharibənin hər bir itkisi həddindən artıq çoxdur. Mənim açıq mesajım ondan ibarət idi ki, sanksiyalar davam edəcək, sərtləşdiriləcək və onilliklər ərzində Rusiya üçün uzunmüddətli ziyan olacaq. Mən də ona dedim ki, prezident Zelenski danışıqlar üçün onunla birbaşa əlaqə qurmaq istəyir. İstanbul danışıqlarına dair eyhamlar istisna olmaqla, heç bir nəzərəçarpan reaksiya olmadı” – deyə Avstriya lideri bildirib.

Avstriya kansleri ofisinin görüşdən sonra yaydığı bəyanatda deyildiyi kimi, bu, dostcasına səfər deyil. Nehammerin sözçüsü görüşün 75 dəqiqə davam etdiyini bildirib.

“Mənim Putinə ən mühüm mesajım o idi ki, bu müharibə nəhayət başa çatmalıdır, çünki hər iki tərəfin müharibəsinin ancaq uduzanları var”- deyə Avstriya kanslerinin bəyanatında deyilir.

Nehammer bəyanatında əvvəlki şərhini təkrarlayaraq, bunun münaqişənin sona çatmasına və ya Ukraynanın mühasirəyə alınmış şəhərlərinin əhalisinin vəziyyətinin yaxşılaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Ötən şənbə günü Avstriya kansleri Kiyevdə olub və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.