Avropa Şurası Parlament Assambleyası Rusiyanı de-fakto diktatura kimi tanıyan qətnamə qəbul edib və Rusiyanın kiçik xalqlarının müstəmləkəsizləşdirilməsi çağırışı ilə çıxış edib
Avropa Şurası Parlament Assambleyası Rusiyanı de-fakto diktatura kimi tanıyan qətnamə qəbul edib və Rusiyanın kiçik xalqlarının müstəmləkəsizləşdirilməsi çağırışı ilə çıxış edib

 
Avropa Şurası Parlament Assambleyası Rusiyanı de-fakto diktatura kimi tanıyan qətnamə qəbul edib və Rusiyanın kiçik xalqlarının müstəmləkəsizləşdirilməsi çağırışı ilə çıxış edib.

Sənəddə Vladimir Putin rus müxalifətçi Aleksey Navalnının ölümündə günahkar kimi tanınır. Bununla yanaşı, assambleyanın üzvləri ölkədə şəxsi diktaturanın qurulmasına görə məsuliyyəti Rusiya Prezidentinin üzərinə yükləyiblər.

Qətnamədə qeyd olunur ki, Putin rejiminin məqsədi demokratiyaya qarşı müharibə aparmaq, Avropa və qlobal nizamı əsaslı şəkildə dəyişməkdir. Bu kontekstdə sənəddə 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən bəhs edilir.

“Dnestryanı bölgənin işğalı, 2008-ci ildə Gürcüstana müdaxilə, 2014-cü ildən Ukraynaya qarşı davam edən müharibə, ərazilərin qeyri-qanuni ilhaqı və işğalı, Rusiya daxilində ifadə azadlığının məhv edilməsi, dünyada dezinformasiya müharibəsi, Rusiyanın daxilində və xaricdə siyasi opponentlərin təqib edilməsi və qətlə yetirilməsi və siyasi düşüncələri kriminallaşdıran qanunvericilik sisteminin qurulması – bütün bunlar Putin rejiminə xas olan əlamətlərdir” – Avropa Şurası Parlament Assambleyasının aprelin 17-də təsdiq etdiyi sənəddə deyilir.

Mətndə həmçinin Rusiyanın qonşu ölkələrin demokratik seçiminə və siyasi müstəqilliyinə hörmət etmədiyi deyilir.

Eyni qətnamədə Avropa Şurası Parlament Assambleyasının üzvləri Rusiyada mart ayında keçirilmiş seçkilərin nəticələrini tanımaqdan imtina edir və Rusiyadan “yalnız formal federasiya” kimi bəhs olunur. Bundan əlavə, qətnamədə Rusiyanın yerli xalqlarının zorla ruslaşdırıldığı və assimilyasiya edildiyi qeyd olunur.

“Rusiya Federasiyasında yerli xalqların itkisi qeyri-mütənasib şəkildə böyükdür və bu, Rusiyanın düşünülmüş siyasətini əks etdirir”-sənəddə deyilir.

Qətnamədə Rusiyada demokratiyanın bərqərar olması üçün ilkin şərtin müstəmləkəsizləşdirilmə olduğu deyilir.

Məlumat üçün bildirək ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasından çıxarılıb.