Avropa Komissiyasında, Avropa İttifaqının rus qazını əvəz etmək üçün plan hazırladığını bildirirlər
Avropa Komissiyasında, Avropa İttifaqının rus qazını əvəz etmək üçün plan hazırladığını bildirirlər.
“Deutsche Welle” agentliyinin verdiyi məlumata görə, bu barədə Aİ-nin daxili ticarət üzrə komissarı Tyerri Breton məlumat verib.
Avropa komissarı, Aİ-nin Rusiyadan hər il 155 milyard kubmetr təbii qaz idxal etdiyini bildirir. Onun açıqlamasına görə, yeni strategiya çərçivəsində, Brüssel 50 milyard kubmetr maye qazı ABŞ və ya Qətərdən , 10 milyard kubmetr qazı mövcud boru kəmərlərindən idxal etməyi, 25 milyard kubmetr təbii qazı isə külək turbinləri və günəş panelləri tərəfindən istehsal edilən enerji ilə əvəz etməyi planlaşdırır.
Bununla yanaşı, Bretonun sözlərinə görə, kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətinin bərpası da variantlardan biri hesab olunur.
Avropa komissarının sözlərinə görə, Rusiya prezidenti uzun illər boyunca Avropanı parçalamaq üçün hər şeyi edirdi və indi də qazdan istifadə edərək eyni şeyi etməyə çalışır.
“O, özünün uğursuz “Sputnik” peyvəndi ilə bizi parçalamağa çalışdı, “Russia Today”in köməyi ilə demokratiyalarımıza müdaxilə etmək üçün əlindən gələni etdi və indi bizi parçalamaq üçün qazdan istifadə edir” – deyə Breton bildirib.
Rusiyanın dövlət şirkəti “Qazprom” Rusiyanın təbii qazın ödənişini rus rublu ilə etmək tələbindən imtina edən beş Avropa ölkəsinin qabaqcıl şirkətlərinə qaz tədarükünü artıq dayandırıb.