Avropa Komissiyası Avropa İttifaqının bütün ölkələrində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların pozulmasının cinayət əməli olaraq qəbul edilməsi təşəbbüsü ilə çıxış edir
Avropa Komissiyası Avropa İttifaqının bütün ölkələrində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların pozulmasının cinayət əməli olaraq qəbul edilməsi təşəbbüsü ilə çıxış edir. Bu barədə “Reuters” məlumat yayır.
Hazırda Aİ-nin 12 üzv ölkəsində Rusiyaya qarşı sanksiyaların pozulması cinayət sayılır. Bəzi ölkələrdə sanksiya rejimindən yayınma cinayət əməli sayılır, digərlərində isə inzibati cəza ilə nəticələnir. Konkret olaraq, Avropa Komissiyası 27 üzv ölkədə sanksiyaların pozulmasının cinayət elan edilməsi təşəbbüsü ilə çıxış edir.
“Bu təşəbbüsün məramı məhdudlaşdırıcı tədbirləri pozan fiziki şəxslərin və ya şirkətlərin aktivlərinin müsadirə olunmasını təmin etməkdir”- deyə Avropa Komissiyasının bəyanatında deyilir.
Avropa İttifaqı tərəfindən rus oliqarxlar və Putinin hakimiyyəti ilə əlaqəsi olan şəxslərdən müsadirə edilmiş daşınmaz əmlakın dəyəri 10 milyard avroya çatır, daha 20 milyarda isə onların bank hesablarında həbs qoyulub.
Lakin bu əmlak müsadirə olunaraq satılmazdan əvvəl oliqarxlar ya sanksiyalardan yayınmaqda, ya da başqa cinayətlər törətməkdə ittiham edilməlidir. Sonuncu halda, müsadirə edilmiş aktivlər onların ittiham olunduğu cinayətlə birbaşa əlaqədə olmalıdır.
Əvvəlcə bütün Aİ-yə üzv dövlətlər, daha sonra isə Avropa Parlamenti tərəfindən təsdiq edilməli olan Avropa Komissiyasının təklifi sanksiyaların pozulmasına töhfə verənlərə, təqsirləndirilən şəxslərin vəkillərinə və bankirlərə də cərimə tətbiq edilməsini nəzərdə tutur.
Bundan əlavə, Avropa Komissiyası cinayətkarlara məxsus aktivlərin müsadirəsini ümumilikdə də asanlaşdırmaq təklifi ilə çıxış edir. Belə ki, Brüssel konkret cinayətdə təqsirləndirilən şəxslərin əmlaklarını başqa ölkəyə daşıya bilməmələri üçün əmlak və aktivlərinə məhkəmə qərarı çıxmazdan əvvəl həbs qoyulması təşəbbüsü ilə çıxış edir.
“Yeni direktivin qəbul ediləcəyi təqdirdə, biz daha effektiv olacağıq”- deyə Avropa Komissiyasında bildiriblər.