ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gender kvotalarının ləğvi ilə bağlı rəyini dərc edir
ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gender kvotalarının ləğvi ilə bağlı rəyini dərc edir. Bu barədə məlumatı xalq müdafiəçisi yayır.
Məlumatda qeyd olunduğu kimi, xalq müdafiəçisinin müraciəti əsasında ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gender kvotalarının ləğvi ilə bağlı üzvi qanunlar haqda hüquqi rəy hazırlayıb, onları mənfi qiymətləndirib, siyasi və ictimai həyatda qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə əlaqədar insan hüquqlarının beynəlxalq standartlarına uyğun olmadığını hesab edib.
“Gürcüstanın Parlamenti müvafiq qanun layihələrini sürətləndirilmiş qaydada dörd günə müzakirə etdi və bu il aprelin 4-də yekun, üçüncü oxunuşda qəbul etdi, daha sonra, mayın 15-də Gürcüstan Prezidentinin ona qoyduğu vetonu da ləğv etdi.
Rəyə əsasən, kvota sistemi de-fakto bərabərliyə nail olmaq məqsədi daşıyır və ölkədə qadınların təmsilçiliyinin tədricən artırılmasına kömək edir. Bu kontekstdə isə gender kvotalarının ləğvinin konstitusiyaya uyğunluq əsasında və ya beynəlxalq öhdəliklərə uyğunluq baxımından, səmərəsizliyə görə və ya artıq lazım olmadığı üçün ləğv edilməsinin zəruri olması haqda ehtimal üçün heç bir sübut yoxdur. Gürcüstanın Parlamentində gender balansı məcburi gender kvotalarının və maliyyə stimullarının tətbiqinə görə yavaş-yavaş, lakin tədricən yaxşılaşsa da, ATƏT regionunun digər ölkələri ilə müqayisədə hələ də aşağı səviyyədə qalır, beynəlxalq və regional standartlar və tövsiyələrlə nəzərdə tutulan hədəf göstəricilərə çatmır.
Rəydə qanun layihələrini müşayiət edən izahat kartlarının heç bir konkret sübut, məlumat və ya fakt, gender kvotasının fəaliyyət mexanizminin dərin təhlili və ya onun mümkün alternativini əhatə etməməsi və seçki gender kvotaları və partiyalar üçün maliyyə stimulları sisteminin ləğvi zərurətini əsaslandırmaması hallarına diqqət yetirilib.
ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öz rəyində həmçinin prosedur xətalarına, qanun layihələrinin sürətləndirilmiş qaydada qəbul edilməsinə, müzakirə prosesində adekvat və inklüziv iştirakın və maraqlı tərəflərlə müvafiq məsləhətləşmələrin olmamasına, seçkilərə yaxın seçki sisteminin əsas elementlərinin dəyişdirilməsinin mənfi tərəfləri və seçki qanunvericiliyinin sabitlik prinsipinə məhəl qoyulmamasına diqqət yönəldir.
Rəydə siyasi və ictimai həyatda gender bərabərliyinin təşviqi istiqamətində beynəlxalq öhdəliklər ətraflı nəzərdən keçirilir və konkret tövsiyələr də verilir”- deyə xalq müdafiəçisinin məlumatında qeyd olunub.