ATƏT-də Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi bildirilir

 

ATƏT-də Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi bildirilir. Məlumatı “BBC” yayır.

Britaniya mediasının məlumatına görə, Rusiyanın müqavimətinə baxmayaraq, missiyanın ilkin hesabatı bu gün təşkilatın 57 ölkəsindən 45-nin razılığı ilə dərc edilib.

Hesabatda deyilir ki, missiya müdaxilənin mülki şəxslərə qarşı genişmiqyaslı əməliyyat olub-olmadığını qiymətləndirə bilməz, lakin beynəlxalq normaların sübut edilmiş bir sıra pozuntularının qeydə alındığı bildirilib.

“Mülki əhalinin qəsdən öldürülməsi, o cümlədən jurnalistlərin və yerli məmurların oğurlanması bu kriteriyaya cavab verir. Bu müdaxilə çərçivəsində törədilmiş istənilən belə zorakılıq insanlığa qarşı cinayətdir. Hesabatda həm Ukrayna, həm də Rusiya tərəfindən yol verilmiş pozuntular qeyd olunub. Lakin Rusiya Federasiyasının törətdiyi qanun pozuntuları daha ciddi xarakter daşıyır və miqyaslıdır”, – deyə sənəddə deyilir.

ATƏT digər məsələlərlə yanaşı, iki səs-küylü cinayətin – Mariupol teatrının və doğum evinin partladılmasını da araşdırıb.

“Missiya doğum evinin Rusiya qüvvələrinin hücumu nəticəsində dağıdıldığı qənaətinə gəlib. Rusiya tərəfinin izahatlarından hücumun məqsədyönlü olduğu görünür. Heç bir xəbərdarlıq və təxliyə üçün vaxt verilməyib. Bundan irəli gələrək bu hücum beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır. Bu hərəkətə görə məsuliyyət daşıyanlar hərbi cinayət törədiblər”, -deyə hesabatda deyilir.

BBC-nin məlumatına görə, bu Mariupolda zirzəmisində yüzlərlə sakinin gizləndiyi və binanın hər iki tərəfinə böyük hərflərlə- “Uşaqlar” yazısının yazıldığı teatrın dağıdılmasına da aiddir.

“Rusiya iddia edir ki, teatrı Ukraynanın “Azov” alayı partladıb. Missiya buna dair heç bir sübut tapa bilmədi. Bu insident böyük ehtimalla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır, teatrın bombalanmasına göstəriş verənlər və həyata keçirənlər hərbi cinayət törədiblər”, – deyə hesabatda bildirilir.