Aleksey Reznikov - həyatda qalmalıyıq, Ukraynadan silah çıxarmaq üçün heç bir əsasımız yoxdur
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukraynadan silah qaçaqmalçılığı faktını inkar edir və nəzarəti gücləndirəcəyinə söz verir. Ukrayna mətbuatı, Reznikovun bu barədə “Financial Times” nəşrinə müsahibəsində dediyinə dair məlumat yayır.
“Həyatda qalmalıyıq. Bizim Ukraynadan silah çıxarmaq üçün heç bir əsasımız yoxdur” -deyə Reznikov bildirib.
Ukraynanın müdafiə nazirinin sözlərinə görə, bəzi müttəfiqlər ölkəyə silah axınının monitorinqini həyata keçirmək üçün hərbi nümayəndələr göndəriblər. Bundan əlavə, o, Ukraynanın silahların yerləşdirilməsi və istifadəsinin monitorinqi üçün 2019-cu ildə alınmış NATO proqram təminatından istifadə etdiyini və alyans ölkələrinin bu məlumatlara çıxışının olduğunu bildirib .
Bundan başqa, Ukrayna NATO proqram təminatı ilə paralel işləyəcək iki monitorinq sistemi üzərində çalışır. Nazirin sözlərinə görə, Ukraynadan ağır silahların qanunsuz çıxarılmasına imkan yoxdur, çünki o, GPS sistemi ilə təchiz olunub və peyk vasitəsilə izlənilə bilər.
Eyni zamanda, Reznikov, Ukraynadan avtomata bənzər odlu silahların Avropa İttifaqına ixracının nəzəri cəhətdən mümkün olduğunu, lakin Ukrayna tərəfinin Avropadan və Aİ ölkələrinin polisindən oxşar faktlar barədə məlumat almadığını bildirib.
Məlumat üçün bildirək ki, bu həftənin əvvəlində “Financial Times”, NATO və Aİ ölkələrinin Ukraynaya tədarük edilmiş silahların daha yaxşı monitorinqini tələb etdiyini, çünki cinayətkar qruplaşmaların onları ölkədən qaçaqmalçılıq yolu ilə çıxararaq, Avropanın qara bazarında satılacağına dair təhlükənin olması ilə bağlı yazırdı.