Aleksey Arestoviç - taktiki döyüşlər gedir, Ukrayna tərəfi bu baxımdan qalib gəlir, Mariupol, Çerniqov qəhrəmancasına döyüşür
Son 24 saat ərzində qarşı tərəfin mövqeləri dəyişməyib. Taktiki döyüşlər gedir, Ukrayna tərəfi bu baxımdan qalib gəlir – bu barədə Ukrayna prezident administrasiyasının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, qarşı tərəf hələ də Ukrayna şəhərlərini bombalayır, lakin əvvəlki günlərlə müqayisədə intensivlik xeyli aşağıdır.
” Bu gün, Ukrayna-Rusiya müharibəsinin aktiv fazasının başlamasının 30-cu günüdür. Taktiki döyüşlər gedir, Ukrayna tərəfi bu baxımdan qalib gəlir, Mariupol, Çerniqov qəhrəmancasına döyüşür. Slavutiç də həmçinin qəhrəmancasına özünü qoruyur. Düşmən hələ də şəhərlərimizi bombalayır, baxmayaraq ki, intensivlik əvvəlki günlərlə müqayisədə xeyli aşağıdır. Rusiya ordusu pilotsuz uçuş aparatlarından istifadə edir, lakin Ukraynanın havadan müdafiə sistemi bir neçə belə dronu düşürüb, onlar arasında qanadlı raketlərlə təchiz edilmiş uçuş aparatları da olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Kəşfiyyat artıq müdafiə vəziyyətində olan Rusiya hərbçilərinin çox aşağı əhval-ruhiyyədə olduqlarını qeydə alıb. Bunun bir neçə səbəbi var, ilk növbədə, bu, onların böyük itkilərinin olmasıdır. Məsələn, xüsusi əməliyyatda iştirak etmək üçün gələn Rusiyanın 200-cü motoatıcı briqadası canlı qüvvə baxımından böyük itki verib. Ukraynaya müharibə etməyə gələn 648 hərbçidən 645-i həlak olub. Yalnız üç nəfər sağ qalıb, onlardan ikisi yaralanıb. Həmçinin, bizə məlum olduğu üzrə, Rusiya ordusunun yeddinci alayının 50 faizi hərbi əməliyyatlarda iştirakdan imtina etdiklərinə dair ərizə yazıb. Hərbçilərimizin Rusiya ordusunun general-leytenantı Yakov Rezantsevi qətlə yetirdiyini təsdiqləmək istərdim. Bu Çernobaevka hava limanında baş verib, yeri gəlmişkən, 7-ci alayın əsgərləri burada cəmləşiblər. Biz onların mənəvi durumunu və niyə daha müharibədə iştirak etmək istəmədiklərini başa düşürük”- deyə Aleksey Arestoviç bildirib.