Aİ liderləri rus neftinin idxalının 75 faizinin qadağan edilməsini əhatə edən Rusiyaya qarşı altıncı sanksiyalar zərfinə dair razılığa gəliblər
Aİ liderləri rus neftinin idxalının 75 faizinin qadağan edilməsini əhatə edən Rusiyaya qarşı altıncı sanksiyalar zərfinə dair razılığa gəliblər

 

 

Aİ liderləri rus neftinin idxalının 75 faizinin qadağan edilməsini əhatə edən Rusiyaya qarşı altıncı sanksiyalar zərfinə dair razılığa gəliblər.

Bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel sammitin birinci günündən sonra, gec saatlarda keçirilən mətbuat konfransında bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, razılaşmaya əsasən, ilkin olaraq qadağa boru kəmərlərlə idxal olunan rus neftinə şamil olunmayacaq.

“Biz rus “müharibə maşınını” və Kremlə təzyiq edəcək sanksiyalar tətbiq etməklə Rusiyanın hərbi imkanlarını maliyyələşdirməyi dayandırmaq istəyirik. Avropa Şurası bu gün altıncı sanksiyalar zərfini razılaşdırıb. Qısacası, bu boru kəmərləri ilə tədarük olunan neftin idxalı müvəqqəti istisna təşkil etməklə, rus neftinin idxalını qadağan edir.  Dəqiq desək, sanksiyalar rus neftinin idxalının dərhal 75 faizinə təsir edəcək və ilin sonuna qədər bu tədbir Avropaya idxal edilən Rusiya neftinin 90 faizinə təsir edəcək” – deyə Şarl Mişel bildirib.

Qeyd etmək lazımdır ki, altıncı sanksiyalar zərfinin kompromis variantı neft idxalına qadağaya qarşı çıxan Macarıstanın mövqeyinə görə razılaşdırılıb.

Avropa Şurası prezidentinin sözlərinə görə, Avropa liderləri həmçinin Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT beynəlxalq maliyyə  sistemindən ayrılması və daha üç Rusiya dövlətinin KİV-nin Aİ-də yayımına qadağa qoyulması barədə razılığa gəliblər.

“Biz bilirik ki, bu qərarı qəbul edə bilmək üçün bizə bir neçə həftə lazım gəldi, lakin bu gün biz çox güclü siqnal göndərdik, çünki son saatlarda və son günlərdə Aİ-nin birliyinin az olması təhlükəsi ilə bağlı spekulyasiyalar səslənirdi.  Düşünürəm ki, heç vaxt olmadığı kimi, dəyərlərimizi və maraqlarımızı müdafiə edəcək qədər güclü, qəti ola biləcəyimizi göstərmək indi vacibdir”-deyə Ş.Mişel bildirib.

Avropa Şurası prezidentinin sözlərinə görə, şura həmçinin Ukraynaya ölkənin yenidən qurulması üçün nəzərdə tutulan doqquz milyard avro makromaliyyə yardımını təsdiqləyib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen qadağanın ilin sonuna qədər rus neftinin idxalının 90 faizinə təsir edəcəyini, qalan 10 faiz ilə əlaqədar Aİ liderlərinin müzakirələrə ən qısa zamanda qayıdacağını bildirib.

“Şadam ki, liderlər altıncı sanksiyalar zərfi üzrə razılığa gələ bildilər. Bunun yardımıyla Avropa Şurası cari ilin sonuna kimi rus neftinin idxalının 90 faizini qadağan edə biləcək. Neftin geridə qalan 10 faizinə gəlincə, biz bu məsələyə tezliklə qayıdacayıq. Həmçinin, paketin digər elementləri də vacibdir – bu, “Sberbank” ın Swift-dən ayrılmasıdır. “Sberbank” 37 faiz səhmlərilə Rusiyanın ən böyük bankıdır. Həmçinin, Avropa İttifaqı şirkətlərinin rus gəmilərini sığortalamasına, rus şirkətlərinə biznes xidmətləri təklif etməsinə, ən əsası isə Rusiyanın daha üç dövlət KİV-nin Aİ-də yayımının dayandırılmasına da qadağa tətbiq olunur” – deyə Ursula fon der Laiyen bildirib.