ABŞ kəşfiyyatı - Vladimer Putin, görünür uzun müddət davam edəcək münaqişəyə hazırlaşır
ABŞ kəşfiyyatı - Vladimer Putin, görünür uzun müddət davam edəcək münaqişəyə hazırlaşır

 

Rusiyanın Ukraynada üç aylıq müharibəsi “bir az dalana dirənib” və görünür, prezident Vladimer Putin uzun müddət davam edəcək münaqişəyə hazırlaşır. “Reuters”-in məlumatına görə, ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmiləri bu barədə Senatda dinləmələr zamanı bildiriblər.

“Ruslar qalib gəlmir, ukraynalılar qalib gəlmir və biz burada bir az dalana dirənmişik” -deyə ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skot Barier bildirib.

Onun sözlərinə görə, indiyədək müharibədə 8-10 rus generalı həlak olub. Milli Kəşfiyyat İdarəsinin direktoru Evril Heins çıxışında Rusiyanın Donbass bölgəsindəki qələbəsinin Ukraynanın şərqindəki müharibəni dayandıra bilməyəcəyini bildirib.

“Dəyərləndirmələrimizə əsasən prezident Putin Ukraynada uzun müddət davam edəcək münaqişəyə hazırlaşır və bu münaqişə zamanı o, Donbasdan kənarda da öz məqsədlərini həyata keçirməyi planlaşdırır. Reallığı nəzərə alsaq, Putin öz ambisiyaları ilə Rusiyanın hazırkı konvensional hərbi imkanları arasında uyğunsuzluqla üzləşir. Növbəti bir neçə ay ərzində biz daha gözlənilməz və potensial olaraq gərgin trayektoriyada hərəkət edə bilərik” -deyə Heins bildirib.

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəhbəri Skot Barier çıxışında Putinin taktiki nüvə silahından istifadə perspektivinə toxunaraq, “hazırda bunun gözlənilmədiyini” qeyd edib.

Evril Heinsin sözlərinə görə, kəşfiyyat ictimaiyyəti, Putinin yalnız Rusiya dövləti üçün ekzistensial təhlükəni hiss etdiyi halda nüvə silahının istifadəsinə icazə verəcəyinə inanır.