ABŞ dövlət katibi Vaşinqtonda Ermənistanın xarici işlər naziri ilə görüşüb
ABŞ dövlət katibi Vaşinqtonda Ermənistanın xarici işlər naziri ilə görüşüb

 

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Dövlət Departamentinin məlumatına görə, görüşün məqsədi ABŞ və Ermənistan arasında strateji dialoqun başladılması olub.

Dövlət katibi ikitərəfli münasibətləri ümumi demokratik dəyərlərə müvafiq şəkildə gücləndirməyə və Ermənistanın islahatlar gündəliyi üzrə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Görüş zamanı Entoni Blinken və Ararat Mirzoyan nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Dövlət Departamentinin məlumatına görə, Entoni Blinken və Ararat Mirzoyan Ermənistanın demokratiya, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar baxımından irəliləyişlərini müzakirə ediblər. Həmçinin, Ermənistan və onun qonşuları arasında davam edən dialoqdan da danışıblar.

Dövlət Departamenti tərəfindən yayılmış məlumatda da qeyd edildiyi üzrə, dövlət katibi Entoni Blinken Ermənistanın göstərdiyi çevikliyə görə erməni həmkarına təşəkkür edib və Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların davam etdirilməsinə çağırıb. Entoni Blinken həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ-ın davamlı sülh və firavanlığa nail olmaq üçün Ermənistan və Azərbaycana yardım etməyə hazır olduğunu vurğulayıb.