Abxaziya mətbuatı-Suxumi Hava Limanı 49 il müddətinə Rusiya tərəfinə veriləcək
İşğal olunmuş Abxaziyanın qondarma parlamenti Abxaziya ilə Rusiya arasında Suxumi Hava Limanının investisiya planını və onun sonradan istismarını təsdiqləyib.
Parlamentin 30 üzvü müvafiq sənədin lehinə, ikisi əleyhinə səs verib, biri isə bitərəf qalıb. Sənəd işğal rejiminin ədliyyə, maliyyə və iqtisadiyyat qurumları ilə birgə hazırlanıb.
Abxaziya mətbuatının yazdığına görə, saziş Rusiya tərəfindən hava limanında investisiya layihəsinin həyata keçirilməsini tənzimləyir, həmçinin tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Sazişin qüvvədə olma müddəti 49 il, xüsusi vergi rejimi isə 25 il müddətində qüvvədə olacaq.
“Hava limanı və aeroportun infrastrukturu dövlət mülkiyyətində qalacaq və istifadə üçün investora veriləcək. Hava limanının infrastrukturu, o cümlədən tarixi-mədəni irs obyekti olan aeroportun köhnə binası investorun ixtiyarına veriləcək. Hökumətlərarası sazişin qüvvədə olma müddəti 49 ildir. Xüsusi vergi rejiminin qüvvədə olma müddəti 25 ildir, güzəştlərin bir hissəsi müqavilənin bütün müddəti ərzində saxlanılacaq”, – Abxaziya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Alxas Bartsits bildirib.
Bartsitsin sözlərinə görə, artıq layihə ilə maraqlanan iki investor var və müqavilənin kimlərlə imzalanacağına dair yekun qərarı xüsusi komissiya verəcək.