2024-cü ilin aprelindən avtobuslar Kutaisi Hava Limanından şəhər mərkəzinə və əksinə hərəkət edəcəklər
2024-cü ilin aprel ayından etibarən sərnişinlərə Kutaisinin Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanından Kutaisi şəhərinə və əksinə üç müasir avtobus (SHUTTLE BUS) xidmət göstərəcək.
Gürcüstan Hava Limanları İttifaqından açıqlandığı kimi, Kutaisi Hava Limanından mərkəzə nəqliyyatın təyin edilməsi məqsədilə avtobusların alınması üçün artıq tender elan edilib.
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib ki, İmeretinin turizm sektorunun müraciəti nəticəsində qeyd olunan xidmət Gürcüstan Hava Limanları İttifaqı tərəfindən göstəriləcək.
“Kutaisi Beynəlxalq Hava Limanı ölkəmizdə ən sürətlə böyüyən hava limanıdır. Artan sərnişin axını və birbaşa hava hərəkəti ilə yanaşı, Kutaisi və ümumi İmeretiyə turist səfərlərinin və gecələmələrin sayının artırılması vacibdir” – nazir müavini qeyd edib.
O bildirib ki, Kutaisi Hava Limanı ilə şəhər mərkəzi arasında müntəzəm avtobus xidmətlərinin təyin edilməsi İmeretinin turizm sənayesində iştirak edən kiçik və orta müəssisələr üçün mühüm yenilikdir, bununla onlar Kutaisi Beynəlxalq Hava Limanına gələn beynəlxalq səyahətçilərə daha çox çıxış əldə edəcəklər və imkanları olacaq.
“Əminəm ki, bu yenilik İmeretinin turizm sənayesinin daha da güclənməsinə müsbət təsir göstərəcək”- Mariam Kvrivişvili açıqlayıb.
Gürcüstan Hava Limanları İttifaqında avtobusların cədvəlinin mümkün qədər uçuş cədvəlinə uyğunlaşdırılacağını qeyd edirlər.