"Əlçatan mənzil" proqramı çərçivəsində Batumidə 40 ailəyə yeni mənzillər verilib
"Əlçatan mənzil" proqramı çərçivəsində Batumidə 40 ailəyə yeni mənzillər verilib

 

Bu gün Batumidə “Əlçatan mənzil” proqramı çərçivəsində 40 ailəyə yeni mənzillər verilib. Proqram Batumidə qeydiyyatda olan, öz mənzili olmayan və mənzilin qiymətini kirayə şəklində ödəyə bilən sakinlər üçün nəzərdə tutulub.

Batumi meriyası , artıq 80 ailənin təmin edildiyini bildirib. Proqram çərçivəsində ilin sonunda daha 100 ailəyə yaşayış sahələri veriləcək.

“Əlçatan mənzil” proqramı çərçivəsində Cavaxişvili küçəsində dörd beşmərtəbəli bina tikilib. Bu mərhələdə əlavə dörd binanın tikintisi davam etdirilir. Proqramda iştirak edən ailələr tenderdə qalib şirkət tərəfindən, mənzillər isə lottotron üsulu ilə seçilib. Bu günə kimi layihənin həyata keçirilməsinə 13 milyon lariyə qədər vəsait xərclənib.

“Bu gün “Əlçatan mənzil” proqramından yararlanan daha 40 ailəyə yaşayış sahələri təhvil verdik. Bu, Batumidə qeydiyyatda olan, mənzil ala bilməyən, daimi gəliri olan və mənzilin haqqını uzun, güzəştli müddətə ödəyə biləcək əhali üçün nəzərdə tutulan mühüm layihədir. Proqram çərçivəsində dörd bina tikilib və ümumilikdə 80 ailə təmin edilib. Əlavə olaraq 100 ailə üçün daha 4 binanın tikintisi davam etdirilir və ilin sonuna kimi başa çatdırılacaq. Proqrama təxminən 13 milyon lari xərclənib” – deyə Batumi meri Arçil Çikovani bildirib.