Tiflis ağsaqqalı Əli Məşədi Əhməd oğluna itfah - Əli Kişi!

Qədim Tiflisin özünəməxsus koloriti var idi. Saburtalada Sarvanlar, Qazaxlar məhəlləsi, Verada Təhləlilər, Tatlar məhəlləsi, şəhərin mərkəzində Meydan, Ortacala məhəlləsi… Verada Qədim Tiflisin gözəl guşələri indi də mövcuddur. Bu yerlərdə soydaşlarımız məskunlaşmış və elə bu yerlərin adını da onların özləri qoymuşdurlar. Tifilisin bu məhəllələrində, eləcə də ona yaxın kəndlərdə sözükeçən, dünyagörmüş, ad-san qazanmış el ağsaqqalları olub. Toyda, nişanda, yığnaqda, yığıncaqda bu el ağsaqqalları başda oturar, yeniyetmələrə, cavanlara öyüd-nəsiyyət verərdilər. Saburtalada Uzun Namazı, Şahverdini, Verada Hümbət kişini, Qrmageldə İdnoy kişini, Şeytanbazarda Əziz kişini (Azərbaycanın dövlət xadimi Həsən Həsənovun atası, – M. M), Əbuzər Əlləzoğlunu, Ağabalanı, onun oğlu Pirxanı, tarçalan Rzabalanı, oğlu Nurəddini kim tanımırdı.

Tiflisə yaxın olan gürcü kəndi Kvemo Lisidə, Bevretdə uzun müddət kolxoz sədri işləmiş, sonralar Lisi kənd sovetinin sədri olmuş Məşədi Nağı, onun qardaşı uzun müddət bu tərəflərdə meşəbəyi işləmiş Əli Əhməd oğlu, Msxaldiddə Hümbət kişi, Məşədi Qəhrəman, Telavanda kolxoz sədri olmuş Məşədi Əli, Ortacala bağlarında kolxoz sədri olmuş, tarzən Ənvər Xudaverdiyevin əmisi Kərim kişi, Muxran çökəyində Sixizdziri kəndinin əsasını qoyanlardan biri olan Cömbər Məmməd, bu tərəflərdə uzun müddət kolxoz sədri işləmiş Alpaşa kişi el arasında böyük hörmət, izzət sahibi idilər. Zamanın tələbinə uyğun o vaxtlar kolxoz sədri olmaq, həm də el-obaya böyüklük, ağsaqqallıq etmək demək idi.

El ağsaqqallarından olmuş, Tiflisin Saburtala məhəlləsində yaşamış Əli Məşədi Əhməd oğlunu Tiflisdə, Muxran çökəyində yaxşı tanıyırdılar. Toylarda, əza yerlərində onun duzlu-məzəli söhbətlərindən, hədislərindən doymaq olmurdu…. Mayası qeyrət, şücaət və mərdliklə yoğrulmuş bu kişilərin adına el-obada kişi sözü də yaraşdırılmış, demək olar ki, soyadını əvəz etmişdir.

Eh, dünya, səndən kimlər getdi, Dədə Qorqud demiş “gəlimli, gedimli dünya, bir ucu ölümlü dünya”. Bu dünyanın çox qəribəlikləri var. Bəziləri sağlığında belə heç kimin yadına düşmür. Bəzilərinin də dünyadan köç edəndən sonra da boş yeri görünür, həmişə xatırlanır, yada salınır. Belə kişiliyi, belə qeyrəti qələm əhli həmişə qələmə almış, bizlərə ərmağan etmişdir. Onları biz də oxuya-oxuya keçmişimizi, kişilik timsalı olan ağsaqqallarımızı bir daha yada salırıq.

Aşıqsevərlərin marağını nəzərə alaraq indi rəhmətlik Əlixan Düşgünün Tiflis ağsaqqalı Əli Məşədi Əhməd oğluna həsr etdiyi müxəmməs üstündə Borçalının qocaman ustad aşığı olan  Məsim İsmayıl oğlunun ifasında mahnını saytımıza və Yutuba yerləşdirirəm.

Yeri gəlmişkən Məsim İsmayıl oğlu haqqında bir neçıə söz demək istəyirəm. O, Borçalının azman aşıqlarından biridir. Onun bu sənətin sirlərinə yiyələnməsinə Dədə Əmrah səbəb olub.Onun barmaqlarında Dədə Əmrahının ritmi, ahəngi duyulmaqdadır. Xalında, gülündə Dədə Əmrahın nəfəsi hiss edilməkdədir. Aşıq Məsim taleyini sevə-sevə bağladığı bu sənətin sirlərini ahıl yaşlarında da gənc nəslə həvəslə öyrədir. Borçalı saz sənətinin qorunub saxlanılmasında onun da müəyyən əməyinin olmasından qürur duyur,  bundan həm də bir növ rahatlıq tapır.

Ötən əsrin sonlarında, daha dəqiq desək, 1999-cu ildə onun ifasında Borçalıda yayılmış  bütün saz havalarını, eləcə də bir neçə mahnını lentə almışam. Bir neçə şeirini öz ifasında da yazmağı unutmamışam. Sön illər onun “Könlümün səsi” adlı şeirlər kitabı işıq üzü görübdürsə də, həmin şeirlərin bəziləri öz ifasında arxivimdə qorunub saxlanılır. İnşallah, bu lent yazılarını onun pərəstişkarlarının, ümumiyyətlə, saz-söz həvəskarlarının ixtiyarına verəcəyəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

***

Tiflis ağsaqqalı Əli Məşədi Əhməd oğluna itfah – Əli kişi!

Anadan kətxuda olub

Yol-ərkanlı Əli kişi!

Hörmətilə olmuş belə

Adlı-sanlı  Əli kişi!

Tanrı səni var eləsin

Qohum canlı  Əli kişi!

Can sağlığı insanlığın

Sərvətidir  Əli kişi!

 

Xeyir işdən xəbər verər

Peyğəmbər övladı kimi.

Söhbəti qəlbə yayılar

Yağla balın dadı kimi.

Babalardan misal çəkər

Dar günün imdadı kimi.

Millətimin şöhrətidir

Qeyrətidir Əli kişi!

 

Çox dolanıb, çox öyrənib

Dünyamızın iç üzünü.

Götürənlər xeyir tapıb

Xoş niyyətli hər sözünü.

Ya dost olsun, ya da düşmən

Söyləyib sözün düzünü.

Qəhrəmanlıq dastanıdır,

Surətidir Əli kişi!

Mərifəti, qanacağı

Bir məktəbdir qananlara.

Daş ürəklər duya bilməz

Müdrik hara,nadan hara.

Asta dinər, usta deyər

Xəyalata vara-vara.

Hər yığnağın, yığıncağın

Şərbətidir Əli kişi!

 

Mərd oturub, mərd dayanıb

Üz verməyib namərdlərə.

Dar məqamda həyan olub

Özü kimi cömərdlərə.

Hər aqildən bir dərs alıb

Hikmət yığıb dərə-dərə.

Elimizin-obamızın

Hikmətidir Əli kişi.

 

Zağlanxevidə yurd salıb

Dədə Qorqud nəsli kimi.

Torpağı laləzar edib

İlin bahar fəsli kimi.

Əsillənib, nəsillənib

Qocaman tiflisli kimi.

Əlixanın bu şeirinin

Zinətidir Əli kişi!

Əlixan Düşgün

16.06. 1999-cu il.