Sazın, sözün Kamandar zirvəsi - 2

Kamandar Həmid oğlu Əfəndiyev 1932-ci ildə Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub. Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar 1959-cu ildə Bakıda Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub. Aşıq Kamandar həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir tədqiqatçı kimi yollar axtarmışdır. Böyük zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə başlamışdır. Dillər əzbəri olan qoşma və gəraylıları, divani və təcnisləri, muxəmməsləri ona böyük şöhrət qazandırmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq, Aşıq Kamandarın bu qoşma və təcnisləri Gürcüstan radiosu ilə yanaşı, Azərbaycan radio və televiziya verilişlərində də səslənməyə başladı. Onun şan-şöhrətinin coğrafi miqyası günü-gündən genişləndi.

1989-cu ildə Bakıdakı “Yazıçı” nəşriyyatı tərəfindən onun ilk “Borçalı laylası” adlı şeirlər kitabı işıq üzü gördü. Aşıq Kamandar universal el sənətkarı və şairi kimi daha da məşhurlaşdı.

Aşıq sənətinə bütün varlığı ilə bağlı olan, Azərbaycan xalqının XX əsrdə yetirdiyi görkəmli filosoflardan biri – əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba yazdığı ön sözdə qeyd edir: “Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir. “Borçalı laylası”nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir. Bu dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bilmişdir”.

El ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.

Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında qartal vüqarlı Azərbaycanımızın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq yaradıcılığı tərənnüm olunub:

 

Aşıq Kamandaram, dedim hər zaman,
Sazın hikmətini nadandı danan.
Gecələr yuxusu gözündə yanan,
Analar laylası telli sazdadı.

İstər Gürcüstanda, Borçalıda, istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur. Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşunaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürək açan sözlər demişlər.

Onun ifasında 60-cı illərdə lentə alınmış  bir neçə mahnı Gürcüstan radiosunun, eləcə də Azərbaycan radiosunun  qızıl fondunda, bir vaxtlar Gürcüstan radiosunda işləmiş yazıçı-araşdırıcı Mirzə Məmmədoğlunun şəxsi arxivində qorunub saxlanılır. Onun tərəfindən bu ustad aşığın  lent yazıları digər Borçalı aşıqlarının lent yazıları ilə birlikdə  Türkiyənin Ankara radiosunun fonduna da təqdim edilmişdir.

Aşıq 2000-ci il oktyabr ayının 25-də doğma kəndi Kürüstü Kəpənəkçidə vəfat etmiş və burada dəfn olunmuşdur.  Pərəştişkarlarının, eləcə də aşıqsevərlərin marağını nəzərə alaraq həmin lent yazısının bir hissəsini yutuba, eləcə də saytımıza yerləşdirirəm.

Hörmətlə:Mirzə Məmmədoğlu