Sabir Əlim Xəliloğlunun ifasında öz seirləri

Sabir Əlim Xəliloğlu 1935-ci ildə Gürcüstanın Qarayazının ( indikiQardabani rayonunun) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Bakı Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961-1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib

* * *
Sabir Xəliloğlu ömrünün dünya ilə haqq-hesab çəkdiyi, elmlə məşğul olduğu dövrünü Azərbaycan-türk şeirinin tacidarı, dahi şairimiz Fuzulinin tədqiqinə həsr edib. Məhəmməd Füzulinin yaradıcılığını tədqiq edənlərin, eləcə də onunla maraqlananların qeyd etdiyinə görə, Füzuli yaradıcılığının bütöv poetik sistem kimi tədqiqi görkəmli yazıçı və tədqiqatçı Mir Cəlaldan sonra füzulişünas Sabir müəllimin adı ilə bağlıdır. Elmi işlə yanaşı şeirlər də yazıb. Şeir yaradıcılığına 1949-cu ildən başlayıb. Yeri gəlmişkən onu da qeyd edim ki, Sabir Xəliloğlu şifahi xalq ədəbiyyatının ən çətin növlərindən olan gəraylısı, təcnisi, iki başlı təcnisi, divanisi, farsca qəzəli də vardır.
1967-ci ildən ömrünün axırına kimi Gəncə Dövlət Universitetində işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib.

Gürcüstan radiosunda işlədiyim zamanlar, daha dəqiq desək, 1999-cu ildə doğma kəndinə gəlmiş Sabir Xəliloğlunun öz ifasında bir neçə şeirini lentə aldım. Həmin səs yazılarını öz şəxsi arxivimdə saxlayıram. İndi həmin səs yazısını Yutibinin oxucularının ixtiyarına verirəm.

Təqdim edən: Mirzə Məmmədoğlu