Mayqa Mətin (Əliyeva) 1938-ci ildə Marneuli şəhərində anadan olmuşdur. 1957-ci ildə Marneuli 1 saylı orta mətktəbini, 1967-ci ildə indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir.
Ali katoqoriyalı müəllim olan Mayqa Mətin Gürcüstanın ali dövlət mükafatı olan “Şərəf nişanı” ordeninə layiq görülmüşdür. Vaxtaşırı Gürcüstanda dilimizdə nəşr olunan dövri mətbuatda, toplu və almanaxlarda öz şeirləri ilə çıxış etmişdir. Üç kitab müəllifidir. Üçüncü kitabı bu günlərdə Bakıda nəşr olunmuşdur.
P.S.Ötən əsrin sonlarında onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunda “Poeziya dəqiqələri” silsiləsindən vaxtaşırı səsləndirmişik. Radio bağlanandan sonra bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziyasevərlərin marağını nəzərə alaraq bu lent yazılarını saytımıza və Yutuba yerləşdirirəm.
Və bir də onu qeyd etmək istəyirəm ki, bu günlərdə Marneuli ictimaiyyəti bu ağbirçək şairənin 80 illik yubileyini keçirmək niyyətindədir. Onlara iş avandlığı, Mayqa Mətinə isə yenə can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.