Tanınmış şair-publisist və jurnalist Əlixan Yəhya oğlu Məmmədov 1951-ci il mart ayının 10-da Bolnisi rayonunun Dəllər (indiki Muşevan) kəndində anadan olub. 1968-ci ildə Marneuli internat məktəbini bitirib və həmin ili Muşevan 8 illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1970-ci ildən 1972-ci ilədək hərbi xidmətdə olub. 1977-ci ildə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib. 1979-cu ildən 1984-cü ilədək Muşevan orta məktəbində ”Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində baş metodist vəzifələrində çalışıb.
Pedaqoji fəaliyyətlə yanaşı 2003-cü ildən 2008-ci ilədək ,,Gürcüstan” qəzetinin Bolnisi rayonu üzrə müxbiri, 2006-cı ildən 2008-ci ilədək ,,Region plus” analitik jurnalının (Azərbaycan Respublikası) Gürcüstan üzrə müxbiri, 2008-ci ildən 2013-cü ilədək ,,Regionpress” qəzetinin müxbiri işləyib. 1998-ci ildə “Ayrılığın dağ çəkibdi sinəmə” və 1999-cu ildə isə “Sinəm söz körüyüdü” şeir kitabları işıq üzü görüb.
Bolnisi Mədəniyyət Mərkəzinin (BMM) orqanı olan “Ümid” qəzetinin redaktoru işləməklə yanaşı, Muşevan məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir
Gürcüstan radiosu üçün ötən əsrin sonlarında onun şeirlərini öz ifasında lentə alaraq “Poeziya dəqiqələri” silsiləsindən efirdə dəfələrlə səsləndirmişik. Həmin şeirlər şəxsi arxivimdə qorunub saxlanılır. İndi poeziya həvəskarlarının marağını nəzərə alaraq həmin lent yazılıarını Youtuba və saytımıza yerləşdirirəm.