İsmixan İsmayıl oğlu Cəfərov 1951-ci ildə Sadaxlı elində anadan olub. O, orta məktəbi Sadaxlıda bitirib. Uşaqlığından saza-sözə meyilli olmağı axırda özünü də bir aşıq olması ilə nəticələnib. Sazı həvəskarcasına öyrənsə də sonradan Aşıq Əhməd və Məhəmməd Sadaxlılardan sazın hava və havacatlarını əxz edib. Borçalı aşıqlarının ifa tərzini özünə yol seçib. Saz ifaçılığı ilə yanaşı orta məktəb dövründən başlayaraq sinədəftərlik edib söz söyləməyə şeir yazmağa başlayıb. Onun sözləri üstündə Borçalı aşıqları və xanəndələri məclislərdə, şənliklərdə həvəslə oxuyurlar və rəğbətlə qarşılanırlar. Son nəfəsinə kimi sazından – sözündən ayrı qalmayan Şair İsmixan Cəfərov 2017-ci ildə 11 oktyabrda bu dünyadan köç edib. Yeri cənnət olsun.
İsmixan İsmayıl oğlu iki şeirlər kitabının: “Döyünən ürək” və “Şair ürəyi” kitablarının müəllifidir.
1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə köçürərək həmin dövrlər Gürcüstan radiosunun efirində vaxtaşırı səsləndirirdik. Indi poeziyasevərlərin marağını nəzərə alaraq həmin lent yazısını saytımıza və Yutuba yerləşdirirəm.
P.S. Onun haqqında məlumatın və şəklinin əldə olunmasında göstərdiyi operativ yardıma görə Akif Xansultanlıya xüsusi minnətdarlığımı bildirirəm.