Gürcüstan Radiosunun Qızıl Fondundan. Zülfüqar Hacıbəyovun "50 yaşında cavan" musiqili komediyasının montajı - 1
17:49, 19.04.2018
Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, bəstəkar və dirijor Müslüm Maqomayev, səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənətkarlar sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.
Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan”ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.
Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada göstərilmişdir.
***
Zülfüqar Hacıbəyovun “50 yaşında cavan” musiqili komediyasının montajı. Montajın müəllifi Gürcüstanın əməkdar artisti Abbas Qurbanov, rejissoru Gürcüstanın xalq artisti İbrahim İsfahanlıdır.