Gürcüstan radiosunun qızıl fondundan.Sinan Səid ilə Nərminə Məmmədovanın duetləri

Sinan Səid 1934-cü ildə İraq ərazisindəki Kərkük şəhərində anadan olub. Onun aid olduğu nəsil ziyalılığına, şeirə, musiqiyə sevgisinə görə fərqlənib. Sinan Səid 25 yaşında olarən Bakıya dəvət edilir.  1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlir. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışır.

Kərkükdən Bakıya gələrkən, onun ali təhsii yox idi. Amma Bakıda yaşadığı illərdə  ali təhsil ala bilir: 1965-ci ildə ADU-nun Jurnalistika şöbəsini bitirir, 1969-cu ildə Bakıda “İraq-türkman mətbuatı və ədəbi məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

Bakıya orta təhsilli şəxs kimi gələn Sinan Səid 1970-ci ildə öz işinə xitam verib İraqa qayıdanda artıq elmlər namizədi idi.

1970-ci ildən Bağdad Universitetinin Jurnalistika fakültəsində dərs deyir, 1975-1980-ci illərdə fakültənin dekanı olur. Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi sahəsində xidməti böyükdür. Süleyman Rəhimovun “Ata və oğullar” hekayələr toplusunu, “Dost əlləri” şeirlər toplusunu “Molla Pənah Vaqif”, “Mirzə Ələkbər Sabir”, “Cəlil Məmmədquluzadə” monoqrafiyalarını ərəb dilinə çevirib.

Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək, geniş müqəddimə ilə “Ərəb ellərinə Azərbaycan nəğmələri” (Bağdad, 1971) kitabını çap edib”.

Sinan Səid  1990-cı  ildə vəfat edib.

P.S. Mahir diktor , gözəl səsə malik Sinan Səidin Nərminə Məmmədova ilə birlikdə oxuduğu Kərkük mahnıları  Gürcüstan radiosunda da qorunub saxlanılır. Vaxtilə Gürcüstan radiosu fəaliyyət göstərəndə onun Nərminə Məmmədova ilə duetlərini müntəzəm olaraq səsləndirirdik. Dinləyicilər tərəfindən də böyük rəğbət hissi ilə qarşılanırdı. İndi həmin üç dueti  onların pərəstişkarlarının marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu