Gürcüstan radiosunun qızıl fondundan. Qədir Rüstəmovun ifasında bir neçə mahnı
13:46, 16.04.2019
Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ildə Ağdamda anadan olub.ustad xanəndə Hacıbaba Hüseynovdan ilk muğam dərsləri almış, sonralar Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalq məhəbbəti qazanan Qədir Rüstəmov zaman keçdikcə xanəndə kimi məşhurlaşmışdır. Onun ifasında bir sıra muğam dəsgahları, rast, cahargah, şur, zəminxarə və s. radionun qızıl fonduna daxil edilmişdir. Qədir Rüstəmov özünün böyük vətəndaşlığını sözlərində ifadə edə bilməsə də, oxuduğu mahnı və muğamlarda hərarətlə ifadə edə bilirdi. Qarabağ həsrəti, Qarabağ yanğısı, doğma yurd itgisinin ağrısı onun səsinin ecazında hər kəsin sinəsini dağlayırdı. Bir sözlə, Qədir Rüstəmov yaralı könüllərin həmdəmi idi. Ağdamın işğalından sonra Oğuz şəhərində,sonra isə Bakı şəhərində müvəqqəti məskunlaşmışdı.
14 Dekabr 2011-ci ildə vəfat etmişdir.Allah rəhmət eləsin!
P.S. Bu lent yazıları Gürcüstan radiosunun fondunda qorunub saxlanılır. Ötən əsrin 60-cı illərindən əsrin sonlarına kimi Gürcüstan radiosunda onun bağlanıldığı vaxta qədər müntəzəm səslənmiş və dinləyicilərimiz tərəfindən rəğbətlə qarşılanmışdır. Indi həmin mahnıları onun pərəstişkarlarının marağını nəzərə alaraq Yutuba və saytımıza yerləşdirirəm.