Gürcüstan Radiosunun Qızıl Fondundan- “Pələng dərisi geymiş pəhləvan” əsərinin montajı - 1

İştirak edirlər:Azərbaycan Dövlət Dram Teatrının artistləri. Radio tamaşa ötən əsrin 60-cı illərində lentə alınmışdır.

***

“Pələng dərisi geymiş pəhləvan”- XII əsr gürcü şairi Şota Rustavelinin bizə qədər gəlib çatan yeganə poemasıdır. Əsər proloqdan, əsas hissədən və epiloqdan ibarətdir. Məğzi baxımından “Pələng dərisi geymiş pəhləvan” mürəkkəb əsərdir. Burada iki paralel hadisə- Ərəbistan və Hindistan hadisəsi bir-birilə süjet olaraq əlaqədardır. Poema personajlarla zəngindir. On altı hecalı və dörd misradan ibarət qoşma formasında yazılıb.

Bu günə qədər mətnin ilkin variantı gəlib çatmayıb: Bu gün üçün məlum olan əlyazma XVI əsr ilə tarixlənir. Əsrlər boyu  poemanın mətni dəyişdirilir, İnterpolatorlar (saxtakarlar) tərəfindən çox hallarda  yeni beytlər, bəzən isə, bütün fəsillər də əlavə olunurdu. Bu gün poemanın  bu əlavə olunan fəsilləri “Pələng dərisi geymiş pəhləvan”ın davamları” adı ilə məşhurdur.

Bu günə kimi “Pələng dərisi geymiş pəhləvan”ın 160-dan artıq əlyazma kitabı gəlib çatıb.  Mətbuu olaraq poema ilk dəfə 1712-ci ildə VI Vaxtanq tərəfindən  nəşr edilib.  “Pələng dərisi geymiş pəhləvan”ın bəzi əlyazma nüsxəsi zəngin  naxışlarla və miniatürlərlə, müxtəlif rəssamlar tərəfindən yaradılmış illüstrasiyalarla tərtibata salınıb. Poema dünyanın bir şox dilinə, o cümədən Azərbaycan dilinə tərcümə olunub. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  bu əsər Azərbaycan dilinə üç dəfə tərcümə edilib. İlk dəfə Azərbaycan şairləri Səməd Vurğun, Məmməd Rahim və Süleyman Rüstəm onlara verilən sətri tərcümə əsasında “Pələng dərisi geymiş pəhləvan”ın poetik tərcüməsini hazırlayıb 1940-cı ildə nəşr etdiriblər.  Əhməd  Cavadın tərcüməsi 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyinin fonduna daxil olmuş, başda filologiya elmləri doktoru Əziz Mirəhmədov olmaqla bir qrup əməkdaş onu nəşrə hazırlamışdır.

1978-ci ildə isə “Elm” nəşriyyatı tərəfindən “Pələng pərisi geymiş pəhləvan” əsəri Əhməd Cavadın tərcüməsi ilə, düz 41 ildən sonra çap olunub. Həmin vaxta qədər əsər iki dəfə (1947; 1966) S.Vurğun, S.Rüstəm və M.Rahimin tərcüməsi ilə nəşr olunub.

Sonuncu dəfə “Pələng dərisi geymiş pəhləvan” əsəri şair, tərcüməçi İmir Məmmədli tərəfindən orjinaldan  tərcümə olunmuşdur.

Mirzə Məmmədoğlu