Gürcüstan radiosunun qızıl fondundan. Məhərrəm Əlizadənin “Rəisin arvadı” musiqili komediyası

Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir.

Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında “Dostlar” (1934), “Qonaq” (1941) adlı iki kitabı işıq üzü görmüşdür.

“Dostlar” və “Qonaq” kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.

Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin sonlarında çapdan çıxmış “Qonaq” kitabını görə bilmədi.

Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan “Kədər və sevinc” kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir.

Məhərrəm Əlizadə 1942-ci ildə vəfat etmişdir.

Elanı var. Onu da qeyd edim ki, bu lent yazısı ötən əsrin 60-cı illərində yazılmışdır.

Hörmətlə: Mirzə Məmmədoğlu