Gürcüstan radiosunun qızıl fondundan. Fərman Cəfərovun ifasında iki mahnı
17:37, 01.10.2018
Bundan öncə onun ifasında Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılan “Dilə bəndəm”, “Oyna gülüm” və “Şur təsnifi” mahnılarını pərıstişkarlarına təqdim etmişdik.
İndi isə bu günlərdə radionun arxivində tapdığımız daha iki mahnı ilə onun pərəstişkarlarını sevindirmək istəyirik
Həsrətin oldum- Bəstəkar Oktay Kazımov, sözləri Əlağa Vahidindir.
Döyünən qəlbim.-Bəstəkar Nəriman Əzimov, sözləri Yusif Əmirxanovundur.
***
Fərman Qiyas oğlu Cəfərov 1945-ci ildə Marneuli rayonunun ağır ellərindən biri olan Sadaxlı kəndində anadan olub. Hələ uşaqlıq vaxtı onda musiqiyə, xüsusilə də məşhur el sənətkarı aşıq Hüseyn Saraclının təsiriylə aşıq musiqisinə böyük həvəs yaranmışdı.
1967-ci ildə o, Sumqayıt musiqi məktəbinin xanəndəlik şöbəsinə qəbul olundu. Təhsil müddətində muğam sənətinin sirlərini respublikanın əməkdar artisti Sahib Şükürovdan öyrəndi. 1971-ci ildə musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib təxminən bir ilə yaxın Sumqayıt şəhər mədəniyyət evinin bədii rəhbəri vəzifəsində çalışıb.
Sonra Bakıya gələrək peşəkar səhnədə fəaliyyətini davam etdirib. 1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasına və əməkdar incəsənət xadimi Ağasi Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblına solist qəbul olunub.
Ansamblın solisti kimi Azərbaycanın, demək olar ki, bütün bölgələrində çıxış edib.
1978-ci ildə Azərbaycan Dövlət Konsert Birliyinin solisti seçilib. Bir qədər sonra respublikanın xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda çıxış etməyə başlayıb.
1982-ci ildən solo konsertlər ilə çıxış edib. Azərbaycan xalq mahnıları, muğam və təsniflərlə yanaşı, bəstəkar mahnıları və aşıq mahnıları da ifa edib. Repertuarında digər xalqların mahnıları da olub. Özünün bəslədiyi mahnılar da vardır. “Oyna, gülüm” və “Məni” mahnıları və digər bir neçə mahnı ilə birlikdə Azərbaycan radiosunun fondunda saxlanılır.
Həmçinin onun ifasında “Dilə bəndəm”, “Oyna gülüm” və “Şur təsnifi”, Həsrətin oldum” , “Döyünən qəlbim”mahnıları Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılır.