Yunanıstanda sığınacaq axtaranların mərkəzində iğtişaş baş verib, 17 nəfər saxlanılıb
Yunanıstanın Sintiki bələdiyyəsində yerləşən sığınacaq axtaranların müvəqqəti yerləşdirilməsi mərkəzində miqrantlar və polis arasında qarşıdurma baş verib, nəticədə beş nəfər xəsarət alıb. Bu barədə Yunanıstan mediası xəbər verir.
Hadisə Sintiki bələdiyyəsində yerləşən sığınacaq axtaranların müvəqqəti yerləşdirilməsi üzrə qapalı mərkəzdə baş verib. Yayılan məlumata əsasən, bir qrup miqrant polis əməkdaşlarına daşlar atıb. Daha sonra onlar tikanlı məftilli çəpəri kəsərək qaçmağa cəhd ediblər. Üç nəfər hadisə yerində dərhal saxlanılıb. Daha 14 nəfər isə bir qədər sonra elə həmin rayonda aşkar edilib. Onları mərkəzə geri qaytarıblar.
İğtişaş zamanı mərkəzin binasına və polisin xidməti avtomobilinə ziyan dəyib. Beş nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa İttifaqını miqrasiya siyasətini daha da sərtləşdirməyə və İspaniyanın Seuta muxtar şəhərində baş verən son hadisələr kimi kütləvi miqrasiya təzyiqi halları üçün “fövqəladə rejim” tətbiq etməyə çağırıb.