Yunanıstanda aviaşou zamanı hərbi təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub
Yunanıstanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Medianın məlumatına görə, hadisə zamanı pilotlar aviaşousunda iştirak edirdilər.
Onların məlumatına görə, Yunanıstan paytaxtından təxminən 40 mil şimalda yerləşən Tanaqra Hərbi Hava Qüvvələri bazasında alçaq hündürlükdə uçan iki nəfərli “Phantom F4” tipli təyyarə manevr zamanı qəzaya uğrayıb və alovlanıb. İki pilotun cəsədi xilasetmə əməliyyatı zamanı tapılıb.
Hadisə ilə əlaqədar təxliyə əmri verilib. Medianın məlumatına görə, tədbirdə minlərlə insan iştirak edirdi, lakin tamaşaçılar arasında xəsarət alan olmayıb.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis baş vermiş hadisə ilə bağlı kədərləndiyini bildirib.
“Biz kədərlənirik və düşüncələrimiz həlak olan iki pilotun ailələri ilədir. Bu, Yunanıstan səmasını qorumaq üçün hər an hazır vəziyyətdə olan yunan təyyarəçilərinin hər gün üzləşdiyi təhlükənin bir xatırlatmasıdır”, – Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.