Yerli hakimiyyətin məlumatına əsasən, Krasnodar diyarı Ukrayna tərəfindən kütləvi hücumun hədəfinə çevrilib
Rusiyada Krasnodar diyarında irimiqyaslı PUA hücumu həyata keçirilib. Bölgənin qubernatoru Veniamin Kondratievin məlumatına görə, neft məhsulları rezervuarı, anbarlar və terminallar zədələnib, iki nəfər xəsarət alıb.
“Temryuk rayonunun Volna kəndində, həmçinin Soçidə və Anapanın Yurovka kəndində zədələnmələr qeydə alınıb. Ən ağır vəziyyət Volna kəndindədir. Orada neft məhsulları rezervuarı, anbar və terminallar zədələnib”, – Kondratiev Telegram kanalında yazıb.
Bundan əvvəl Krasnodar diyarı əməliyyat qərargahında bildirildi ki, Temryuk rayonunun Volna kəndində pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində neft məhsulları rezervuarı alışıb.
“Hazırda əldə olan məlumata görə, iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər və lazımi tibbi yardım alırlar”, – deyə qubernator bildirib.
Kondratievin dediyinə görə, bölgədə yanğınların söndürülməsində 120-dən çox yanğınsöndürən-xilasedici iştirak edir.