Yens Stoltenberq – Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, bunun ciddi nəticələri olacaq

22:34, 13.10.2022

 

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə, bunun ciddi nəticələri olacağını bildirib. Bu bəyanatı Yens Stoltenberq NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iki günlük toplantısının sonunda keçirilən mətbuat konfransında verib.

Stoltenberq Rusiyanın NATO-nun xəbərdarlığına məhəl qoymayacağı təqdirdə Alyansın hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib.

“Rusiya Ukraynaya qarşı nüvə silahından, istənilən növ nüvə silahından istifadə edərsə, bunun ağır nəticələri olacaq. Bu, Rusiyanın çox yaxşı bildiyi bir şeydir. NATO müttəfiqləri bunu müxtəlif yollarla Rusiyaya çatdırıblar və biz necə cavab verəcəyimizin təfərrüatlarını sadalayacağıq. Amma aydındır ki, bu, münaqişənin mahiyyətini əsaslı şəkildə dəyişəcək. Bu, hətta aşağı gücü olan nüvə silahı halında belə, olduqca vacib xəttin keçilməsi olacaq, bu, Ukraynada müharibənin mahiyyətini əsaslı şəkildə dəyişəcək qədər ciddi olacaq. Və aydındır ki, bunun nəticələri olacaq və Rusiya bunun nəticələrinin olacağını bilir” -deyə Stoltenberq bildirib.

O , NATO-nun sayıq olduğunu və Rusiyanın nüvə qüvvələrinə nəzarəti davam etdirdiyini açıqlayıb. O cümlədən Alyans Rusiyada planlaşdırılan nüvə hərbi təlimini diqqətlə izləyəcək. Stoltenberq həmçinin NATO-nun hansı şəraitdə nüvə silahından istifadə etməli ola biləcəyini də açıqlayıb.

“Rusiyanın nüvə ritorikası təhlükəli və ehtiyatsızdır” – deyə Stoltenberq bildirib.

Oxşar