Bakı-Tbilisi-Qars dəmir yolu xətti rəsmi olaraq iyunun 2-dən etibarən fəaliyyətə başlayacaq
Bakı-Tbilisi-Qars dəmir yolu xətti rəsmi olaraq iyunun 2-dən etibarən fəaliyyətə başlayacaq

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun 2-də rəsmi olaraq istifadəyə veriləcək.

Nazirliyin məlumatına görə, yeni xətt Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir və Avropa ilə Asiya arasında əlaqənin gücləndirilməsində mühüm rol oynayır.

“Yeni dəmir yolu marşrutu regionda əlavə ötürücülük qabiliyyəti yaradır, yük axınları marşrutlarının diversifikasiyasına əhəmiyyətli dərəcədə töhfə verir və regionun əlaqəliliyini gücləndirir.

Marabda-Kartsaxi dəmir yolu hissəsinin ümumi uzunluğu 180 kilometrdir. Layihə çərçivəsində 153 kilometrlik hissə reabilitasiya və yenidən qurulmuş, həmçinin 27 kilometr uzunluğunda tamamilə yeni, Avropa standartlarına uyğun dəmir yolu magistralı inşa edilmişdir.

Yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yük daşımalarının həcmi hər il artır. Xəttin tam istismara verilməsi ilə layihənin ötürücülük qabiliyyəti 5 milyon tona qədər artacaq ki, bu da regiona əlavə yük axınlarını keçirmək imkanı verəcək və onun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir.

Sözügedən dəmir yolu sahəsinin tam istismara verilməsi, Gürcüstanın baş nazirinin Azərbaycanın paytaxtı Bakı şəhərinə səfəri çərçivəsində iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən ikitərəfli Əlaqələndirmə Şurasının protokolunun imzalanması nəticəsində mümkün olub”, – Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında qeyd olunub.