Yens Stoltenberq - Putin Ukraynadakı müharibədə qalib gəlsə, növbəti hədəf Rusiyanın qonşu ölkələri ola bilər
Yens Stoltenberq - Putin Ukraynadakı müharibədə qalib gəlsə, növbəti hədəf Rusiyanın qonşu ölkələri ola bilər

 

Putin Ukraynadakı müharibədə qalib gəlsə, növbəti hədəf Rusiyanın qonşu ölkələri ola bilər, – bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Utoya adasında gənclər düşərgəsinin üzvləri ilə görüş zamanı bildirib.

O , Ukraynaya dəstək vermənin NATO-nun mənəvi məsuliyyəti olduğunu bildirib.

“Ukraynanı dəstəkləmək bizim mənəvi məsuliyyətimizdir. Ukrayna 40 milyon insanın yaşadığı, əsassız təcavüz və müharibənin hədəfinə çevrilmiş müstəqil dövlətdir. İkinci Dünya Müharibəsindən bəri görülməmiş müharibə aktlarına, mülki əhaliyə hücumlara və dağıntılara şahid oluruq. Biz biganə qala bilmərik. Prezident Putinin Ukrayna ilə bağlı ambisiyalarında uğur qazanmaması həmçinin bizim marağımızdadır. Putinin hərbi güclə istədiyini əldə etdiyi bir dünya bizim üçün daha təhlükəlidir. Rusiya bu müharibədə qalib gəlsə, Putin zorakılığın işə yaradığına dair sübut əldə edəcək. Sonra qonşu ölkələr növbəti hədəf ola bilər” – deyə Stoltenberq bildirib.

Yens Stoltenberq , NATO-nun digər məqsədinin Ukraynada müharibənin genişlənməsinin qarşısını almaq olduğunu bildirib.

“NATO-nun ikinci məqsədi müharibənin genişlənməsinin qarşısını almaqdır. Bunu iki yolla edirik. Əvvəla, biz bu müharibədə iştirak etmirik – biz Ukraynaya hərbçilərlə daxil olmuruq. Həm də biz açıq şəkildə göstəririk ki, NATO dövlətinə hücum bütöv alyansın cavabını bərabərində gətirəcək. Məhz bu məqsədlə biz şərq cinahda hərbi nümayəndəliyi artırırıq” -deyə Stoltenberq bildirib.