Yens Stoltenberq – NATO Ukraynanın yanındadır, Putin müharibəyə başlayıb və rus qüvvələrini Ukraynadan çıxarmaqla müharibəyə son qoymalıdır, Lukaşenko Belarusun müştərək iştirakını dayandırmalıdır

18:23, 11.10.2022

 

NATO Ukraynanın yanındadır və lazım olduğu müddət boyunca belə olacaq. Putin müharibəyə başladı və o, rus qüvvələrini Ukraynadan çıxarmaqla müharibəyə son qoymalıdır. Lukaşenko Belarusun bu qeyri-qanuni münaqişədə müştərək iştirakını dayandırmalıdır-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə, əsas mövzunun NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq mövzular olan mətbuat konfransında bildirib.

Yens Stoltenberq sabah başlayacaq görüşün əsas mövzusunun Rusiyanın Ukraynada başlatdığı müharibə olacağını qeyd edib. Onun sözlərinə görə, görüşdə Ukraynanın müdafiə naziri də iştirak edəcək.

“NATO-ya üzv dövlətlərin nazirləri bu həftə, transatlantik təhlükəsizlik baxımından mühüm bir vaxtda görüşəcəklər. Biz NATO-nun müdafiə və çəkindirmə baxımından əldə edilmiş irəliləyişi qiymətləndirəcəyik. “Şimal axını-2”yə qarşı təxribat fonunda kritik infrastrukturumuzun mühafizəsini xeyli gücləndirəcəyik. Biz Ukraynaya dəstəyimizi gücləndirəcəyik. Gücləndirəcəyik ki, onlar öz müdafiələrini davam etdirə bilsinlər və ərazilərini Rusiya işğalından azad etsinlər.

Rusiyanın getdikcə daha çox mülki əhaliyə və kritik infrastruktur obyektlərinə dəhşətli, ayrı-seçkilik etmədən zərbələr endirməyi seçməsi fonunda Ukrayna impulsa malikdir və əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir. Prezident Putin Ukraynada uğursuzluğa düçar olur. Onun ilhaq cəhdi və qismən səfərbərlik , eləcə də qeyri-rasional nüvə ritorikası müharibə başlayandan bəri ən ciddi eskalasiyadır. Bu, müharibənin plana uyğun getmədiyini göstərir. NATO münaqişənin tərəfi deyil, lakin bizim dəstəyimiz həlledici rol oynayır” –deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi Rusiyadan gələcək nüvə təhlükəsinə də diqqət çəkib. O, prezident Putinin nüvə təhdidlərinin təhlükəli və məsuliyyətsiz olduğunu bildirib.

“Rusiya bilir ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil və bu, heç vaxt baş verməməlidir. Biz Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyirik. Biz Rusiyanın mövqelərində heç bir dəyişiklik görməmişik, lakin ayıq-sayıq qalırıq. Cümə axşamı Nüvə Planlaşdırma Qrupunun müntəzəm iclası keçiriləcək. NATO-nun nüvə çəkindirməsinin əsas vəzifəsi həmişə sülhü qorumaq və təcavüzün qarşısını almaq olub. Gələn həftə NATO çoxdan planlaşdırılan çəkindirmə təlimi keçirəcək. Bunlar bizim hər il keçirdiyimiz rutin təlimlərdir” –deyə Stoltenberq bildirib.

Stoltenberq çıxışında NATO-nun Ukraynaya dəstəyini davam etdirəcəyini və eyni zamanda alyansın şərq cinahının müdafiəsini gücləndirəcəyini bildirib.

 

Oxşar