Yens Stoltenberq - NATO-Rusiya danışıqları öncəsi ittifaq öz tərəfdaşları, o cümlədən Gürcüstanla sıx məsləhətləşmələr aparır
Yens Stoltenberq - NATO-Rusiya danışıqları öncəsi ittifaq öz tərəfdaşları, o cümlədən Gürcüstanla sıx məsləhətləşmələr aparır

 

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, NATO-Rusiya danışıqları öncəsi ittifaq öz tərəfdaşları, o cümlədən Gürcüstanla sıx məsləhətləşmələr aparır. Bu barədə Stoltenberq Brüsseldə NATO-Ukrayna Komissiyasının iclasınadək bildirib. Alyansın baş katibi Ukraynanın vitse-baş naziri Olqa Stepanişina ilə keçirdiyi mətbuat konfransında Rusiyanın NATO-Rusiya Şurasının iclasının keçirilməsinə razılıq verməsini müsbət siqnal adlandırıb.

” Rusiyanın bu həftə NATO-Rusiya Şurasının iclasının keçirilməsi təklifimizə razılıq verməsini alqışlayıram. Bu müsbət siqnaldır. Biz əsas diqqəti Avropanın təhlükəsizliyi məsələlərinə, hərbi fəaliyyətlərlə bağlı şəffaflığa, təhdidlərin azaldılmasına və silahlanmaya nəzarətə yönəldəcəyik. Biz Rusiyanın narahatlığını dinləyəcəyik, lakin istənilən mənalı dialoqda Rusiyanın hərəkətləri ilə bağlı narahatlığımız da nəzərə alınmalıdır. Bu, Ukrayna ilə məsləhətləşərək edilməlidir, biz bunu bu gün edirik. Biz həmçinin Gürcüstan, Moldova, Finlandiya, İsveç və Avropa İttifaqı da daxil olmaqla digər tərəfdaşlarla sıx məsləhətləşmələr aparırıq”- deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi qeyd edib ki, Qərblə Rusiya arasında bu həftəyə keçirilməsi planlaşdırılan görüşləri alqışlayır, lakin bu görüşlərin bütün məsələləri həll edəcəyini düşünmədiyini bildirir.

“Ümid etdiyimiz odur ki, irəliləyiş yolunda razılığa gələ biləcəyik, bir sıra görüşlər keçirə biləcəyik, proseslə bağlı razılaşacağıq. Bu həftə üçün nəzərdə tutulan bütün görüşlər başa çatdıqdan sonra problemlərin həll olunacağını gözləmək real deyil. Bununla belə, həqiqətən ümid edirəm ki, hər iki tərəfin, o cümlədən Rusiya tərəfinin real istəyi var. Avropada yeni silahlı münaqişənin qarşısını ala biləcək prosesdə iştirak etmək NATO-nun üzərinə düşür” – deyə Stoltenberq bildirib.

Ukraynanın NATO-ya üzvlük perspektivləri ilə bağlı sualı cavablandıran Stoltenberq bildirib ki, alyans 2008-ci ilin Buxarest Sammitinin qərarına sadiq qalır.

“Biz 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş qərarı bir daha təsdiqlədik və bu qərara sadiq qalırıq. Biz Ukraynaya islahatlar həyata keçirməklə, NATO standartlarına cavab verməklə, NATO üzvlüyünə yaxınlaşmağa kömək edirik . Biz açıq şəkildə bildirdik ki, heç bir Avropa dövlətinin öz yolunu, o cümlədən təhlükəsizlik mexanizmlərinin hansı hissəsi olmaq istəməsini seçmək hüququnu heç vaxt güzəştə getməyəcəyik. Müvafiq olaraq, bu prinsipin pozulmaması fundamentaldır, bu isə o deməkdir ki, Ukraynanın üzvlük üçün nə vaxt hazır olacağına yalnız Ukrayna və NATO-nun 30 müttəfiqi qərar verəcək. Başqa heç kimin bu barədə nəsə deməyə haqqı yoxdur”-deyə NATO baş katibi bildirib.

Öz növbəsində Ukraynanın vitse-baş naziri “Ukraynasız Ukrayna üzrə danışıqlara getməmək” prinsipinin vacibliyini vurğulayıb. O, Rusiya qüvvələrinin Ukrayna ərazisindən çıxarılmasının zəruriliyindən də danışıb.

“Təhlükəsizlik təminatları ilə bağlı müzakirələr Rusiya qüvvələrinin Ukraynadan çıxarılması ilə başlamalıdır.  Bu gün Rusiya demokratik ölkələrin fəaliyyətinin qeyd-şərtsiz təslim olmasını və NATO prinsiplərinin kökünün qazınmasını tələb edir”-bu barədə Olqa Stepanişin bildirib.

Rusiya və ABŞ arasında bu gün Cenevrədə danışıqlar aparılır. Yanvarın 12-də Rusiya ilə Qərb arasında danışıqlar davam etdiriləcək və Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək. Yanvarın 13-də isə Vyanada ATƏT çərçivəsində danışıqlar aparılacaq.