Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulması məsələsini müzakirə etmək məqsədilə yaxın vaxtlarda Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini açıqlayıb

21:10, 26.10.2022

 

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulması məsələsini müzakirə etmək məqsədilə yaxın vaxtlarda Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini açıqlayıb.

Stoltenberq bu barədə Brüsseldə Rumıniyanın baş naziri ilə birgə mətbuat konfransında bildirib.

“Mən Finlandiya, İsveç və Türkiyənin beynəlxalq terrorizmlə mübarizə səylərini gücləndirmək məqsədilə Madrid sammitində razılaşdırılmış birgə memorandumu həyata keçirmək üçün birlikdə işləməsini alqışlayıram. İsveç açıq şəkildə Türkiyəyə silah ixracında heç bir məhdudiyyət olmadığını açıqladı. Onlar həmçinin beynəlxalq terrorizmlə mübarizə məqsədilə kəşfiyyat məlumatlarının mübadiləsi üçün birgə işləmək mexanizmi yaratdılar. Beləliklə, əminəm ki, bütün müttəfiqlər Qoşulma Protokolunu ratifikasiya edəcəklər. Həmçinin, Finlandiya və İsveçin Türkiyə ilə sıx əlaqədə olmasını alqışlayıram. Bu yaxınlarda İsveçin baş naziri orada idi. Yaxın vaxtlarda prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyəm” – deyə Yens Stoltenberq bildirib.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq may ayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə Şimali Avropa ölkələrinin Ankaranın terrorçu hesab etdiyi şəxslərə sığınacaq verməsi səbəbiylə alyansa qoşulmasına qarşı çıxıb. Madrid sammitində Türkiyə ilə iki Skandinaviya ölkəsi arasında üçtərəfli razılaşma əldə olunub, lakin Ərdoğan bu ölkələrin Türkiyə hakimiyyətinin ekstradisiyasını tələb etdiyi şəxsləri Ankaraya təhvil vermədikcə Türkiyə parlamentinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinin ratifikasiyasını dəstəkləməyəcəyini bildirib.

Oxşar