Yens Stoltenberq – istənilən demokratik ölkənin alyansa üzvlük üçün müraciət etmək hüququ var, qərarı 30 üzv ölkə konsensus əsasında qəbul edəcək

21:14, 30.09.2022

 

Biz Ukraynanın öz yolunu seçmək və hansı təhlükəsizlik arxitekturasının bir hissəsi olacağına qərar vermək hüququnu dəstəkləyirik -bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa sürətləndirilmiş qaydada müraciətini şərh edərkən bildirib.

Stoltenberq bildirib ki, istənilən demokratik ölkənin müraciət etmək hüququ var, qərar isə 30 üzv ölkənin konsensusu nəticəsində veriləcək.

“Avropada istənilən demokratik ölkənin NATO-ya üzvlük üçün müraciət etmək hüququ var və NATO bu hüquqa hörmət edir. Biz dəfələrlə bəyan etmişik ki, NATO-nun qapısı açıqdır və biz bunu son bir neçə ildə nümayiş etdirmişik. Madrid sammitində Alyans açıq şəkildə bildirdi ki, biz Ukraynanın öz yolunu seçmək və hansı təhlükəsizlik arxitekturasının bir hissəsi olacağına qərar vermək hüququnu dəstəkləyirik. Üzvlük haqqında qərar təbii ki, 30 üzv dövlət arasında konsensus əsasında qəbul edilir. Hazırda diqqətimiz Ukraynaya Rusiyanın qəddar müdaxiləsindən müdafiə üçün kömək etməyə yönəlib. Bu, hazırda NATO alyansının diqqət yetirdiyi əsas məsələ və səyidir” -deyə Stoltenberq bildirib.

Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Volodimir Zelenki bu gün Ukraynanın sürətləndirilmiş qaydada üzvlük üçün NATO-ya müraciət edəcəyini açıqlayıb.

Oxşar