Yeni qanunvericiliyə əsasən, Almaniyada 17–45 yaş arası kişilər uzun müddət ölkə xaricinə səyahət etmək üçün Müdafiə Nazirliyindən icazə almağa məcbur olacaqlar
Almaniyada 17–45 yaş arası kişilər uzun müddət ölkə xaricinə səyahət etmək üçün Müdafiə Nazirliyindən icazə almağa məcbur olacaqlar. Bu barədə Almaniya mediası məlumat yayır.
Medianın yazdığına görə, müvafiq qayda hərbi xidmətin modernləşdirilməsi ilə bağlı yeni qanunda öz əksini tapıb.
Yeni qaydalara əsasən, 17–45 yaş arası Almaniya vətəndaşı kişilər ölkədən üç aydan çox müddətə çıxdıqları barədə Bundesveri məlumatlandırmalı və müvafiq icazə almalıdırlar.
Əvvəlki qanuna əsasən, belə icazənin alınması yalnız istisna hallarda tələb olunurdu – ölkədə fövqəladə vəziyyət olduqda və ya xarici qüvvələrin hücum təhlükəsi mövcud olduqda.
Almaniya mediasının məlumatına görə, yeni qanunun necə tətbiq olunacağı hələlik məlum deyil, çünki Almaniya vətəndaşlarının böyük bir hissəsi dəyişiklikdən xəbərsizdir. Həmçinin yeni qaydaları pozan şəxslərə hansı sanksiyaların tətbiq ediləcəyi də məlum deyil.