Yelisey sarayında dövlət dəfn mərasimlərində vəsaitlərin mümkün mənimsənilməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb
Yelisey sarayında dövlət dəfn mərasimlərində vəsaitlərin mümkün mənimsənilməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb

Yelisey sarayında axtarış aparılıb. Bu barədə Fransa mediası məlumat yayır.

Medianın məlumatına görə, iş Paris Panteonunda müxtəlif şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı maliyyə fırıldaqçılığından gedir.

Məhkəmə istintaqına 2025-ci ilin oktyabr ayında qanunsuz mənfəət əldə etmə, korrupsiya və nüfuzdan sui-istifadə faktları üzrə başlanılıb.

İstintaq Milli Abidələr Mərkəzinin (CMN) Panteonda təntənəli tədbirlərin təşkili üçün dövlət müqavilələrini hansı şərtlərlə verdiyini araşdıracaq.

Hüquq-mühafizə orqanları Milli Abidələr Mərkəzinin 22 il ərzində tədbirlər təşkil edən və hər bir mərasimi dövlət büdcəsinə təxminən iki milyon avroya başa gələn “Shortcut Events” şirkəti ilə çoxillik əməkdaşlığı ilə maraqlanıblar.

Medianın yazdığına görə, axtarış prokurorluq və prezident administrasiyası arasındakı danışıqlardan sonra aparılıb, çünki hüquq-mühafizə orqanlarının Yelisey sarayına daxil olmaq üçün ilk cəhdi aprelin 14-də olub. O zaman Emmanuel Makronun administrasiyası konstitusiyanın 67-ci maddəsinə istinad edib; həmin maddə dövlət başçısının iqamətgahının toxunulmazlığını təmin edir, həmçinin prezidenti vəzifədə olduğu müddətdə cinayət məsuliyyətindən və ya ifadə vermək öhdəliyindən azad edir.