Yay mövsümünün isti günləri ilə əlaqədar Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz vətəndaşlara tövsiyələrlə müraciət edib

11:56, 23.07.2026

Yay mövsümünün isti günləri ilə əlaqədar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz vətəndaşlara tövsiyələrlə müraciət edib.

Mərkəzin məlumatına görə, yay aylarında bağırsaq infeksiyaları və qida zəhərlənmələrinin sayı artır. Bu səbəbdən qida məhsullarının düzgün saxlanılması, istifadəsi və hazırlanması, eləcə də əl gigiyenasına riayət olunması vacibdir.

Qeyd olunur ki, qida məhsullarının düzgün saxlanılması çiy və hazır qidaların ayrı-ayrılıqda yerləşdirilməsini nəzərdə tutur. Hazır yeməklər otaq temperaturunda iki saatdan artıq saxlanılmamalıdır.

Bununla yanaşı, suyun və istifadə olunan xammalın təhlükəsizliyi də böyük əhəmiyyət daşıyır. Meyvə, tərəvəz və göyərti istehlakdan əvvəl axar su altında diqqətlə yuyulmalıdır. İçməli suyun təhlükəsizliyinə əmin olmadıqda isə onu mütləq qaynatmaq tövsiyə olunur.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz bir daha xatırladır ki, infeksiyaların qarşısının alınmasının əsas şərtlərindən biri şəxsi gigiyenaya riayət etməkdir. Xüsusilə yemək hazırlamazdan və qidalanmazdan əvvəl əllər sabun və su ilə tez-tez və diqqətlə yuyulmalıdır.

Oxşar